Kiyevdə yubiley tədbiri keçirilib

 

Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsinin əfsanəvi partizanı Əhmədiyyə Cəbrayılovun 100 illiyi ilə bağlı sentyabrın 22-də Kiyevdə anım tədbiri keçirilib.

 

Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə AŞPA-nın vitse-prezidenti, Ukrayna Ali Radasının Xarici əlaqələr komitəsinin sədri Aleksandr Merejko, Ukrayna Veteranlarla İş üzrə nazirinin müavini Aleksey İllyaşenko, Fransanın Ukraynadakı səfiri Etyen de Ponsen, Taras Şevçenko adına Kiyev Milli Universiteti Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Valeri Kopeyka, Ali Radanın deputatları, diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

 

Tədbirdən öncə qəhrəmanın həyat və döyüş yolundan bəhs edən fotosərgiyə baxış keçirilib. Konfransın moderatoru Yaroslav Bojko tədbiri açaraq bildirib ki, Əhmədiyyə Cəbrayılovun doğum günündə Ukrayna cəmiyyətini məlumatlandırmaq olduqca önəmlidir.

 

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə əfsanəvi partizanın 100 illiyi ölkəmizin hüdudlarından kənarda da qeyd edilir.

 

Fransanın Ukraynadakı səfiri Etyen de Ponsen çıxış edərək Əhmədiyyə Cəbrayılovun Fransadakı qəhrəmanlığı haqqında məlumat verib.

 

Səfir bildirib ki, əfsanəvi partizanın misilsiz şücaəti layiqincə qiymətləndirilib, o,  Fransa dövlətinin orden və medalları ilə təltif edilib, eyni zamanda müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilib.

 

Konfrans iştirakçıları Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yolu barədə qısametrajlı filmə baxıblar.

 

Tədbir çərçivəsində tanınmış Azərbaycan kinodramaturqu Ramiz Fətəliyevin Əhmədiyyə Cəbrayılov haqqında Ukrayna dilində nəşr edilmiş kitabının təqdimatı da olub.

 

Mədəniyyət.- 2020.- 25 sentyabr.- S.5.