Yeni ilin ilk festivalında ölkəmizin təqdimatı

Azərbaycan Əbu-Dabi Şeyx Zayed İrs Festivalında təmsil olunur

 

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ənənəvi Əbu-Dabi Şeyx Zayed İrs Festivalı keçirilir. Dekabrın 31-də başlanan festival fevralın 1-dək davam edəcək.

Festivalda Azərbaycan da təmsil olunur. Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin əməkdaşı Elgün Əliyev Cəngi estrada və folklor rəqs ansamblı ilə birgə Əbu-Dabi şəhərinə səfər edib.

Festival beynəlxalq əlaqələrin qurulması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, ölkəmizin mədəni sənaye potensialının ixracı baxımından əhəmiyyət kəsb edir. Bu məqsədlə müxtəlif ölkələrin rəqs kollektivləri ilə danışıqlar aparılır, hər bir xalqın ənənəvi milli rəqs elementləri barədə müzakirələr edilir.

Əbu-Dabi şəhərinin ətrafında böyük bir sahədə tikilmiş xüsusi festival şəhərciyində müxtəlif ölkələrin, şirkətlərin, yerli dövlət orqanlarının yüzlərlə stendi, pavilyonu, həmçinin istirahət və əyləncə məkanları, rəqs və ifalar üçün səhnələr qurulub.

Tədbirə Azərbaycan, Rusiya, Çin, Hindistan, Rumıniya, Ukrayna, Bosniya və Herseqovina, Özbəkistan, Cənubi Afrika, Yəmən, Misir, Bəhreyn, Mərakeş və digər ölkələrin, eləcə də BƏƏ-nin yerli incəsənət kollektivləri, rəqs, musiqi ifaçılığı və şou qrupları qatılıb.

Yaradıcı kollektivlər gündə üç dəfə (hər dəfə yarım saat olmaqla) şəhərcikdə yerləşən ayrı-ayrı səhnələrdə, həftədə iki dəfə isə Əbu-Dabi televiziyasının səhnəsində çıxışlar edirlər.

Azərbaycanın Cəngi estrada və folklor rəqs ansamblı Bayram, Qaytağı, Dağlı, Naxçıvani, Tənzərə, Yallı, İgidlər, Tərəkəmə, Qıt-qılıda, Naz eləmə, Ağ çiçək, Dağlar gözəli, Sarı gəlin kimi milli rəqslərimizi ifa edib.

Qeyd edək ki, Cəngi estrada və folklor rəqs ansamblının çıxışları festivalın son gününədək təqdim ediləcək.

 

 

Mədəniyyət.- 2020.- 10 yanvar.- S.1.