“Xəyalımda bu əsərin klipini canlandırırdım” 

 

Astor Pyassollanın məşhur əsəri Ceyla Seyidovanın ifasında lentə alınıb

 

15 ilə yaxındır virtuoz skripka ifaçısı kimi tanınan Ceyla Seyidova üçün 2019-cu il də uğurlarla yadda qalıb. Argentina bəstəkarı Astor Pyassollanın məşhur “Vuelvo Al Sur” əsərinin gənc skripkaçı tərəfindən ifasına klipin çəkilməsi də bu uğurlar sırasındadır.

“Mən həmişə bunu gerçəkləşdirmək istəmişəm. Məni nikbin, gülümsər Ceyla kimi tanıyırlar, lakin az adam ruhumun başqa tərəfini bilir. Astor Pyassollanın bu əsərini ilk dəfə eşidəndə, elə sarsıldım, elə bir lirik vəziyyətə düşdüm ki, onu ifa etməklə kifayətlənə bilməzdim. Xəyalımda bu əsərin klipini, çəkilişlərin yerini, işığı canlandırırdım, ən xırda detalı təsəvvür edirdim ki, emosiyalarımı, daxili hisslərimi, həyəcanımı göstərə bilim... Vaxt gedirdi, və nəhayət, bu yaxınlarda mən xəyalımı gerçəkləşdirə bildim”, – deyə o bildirir.

Klipin ərsəyə gəlməsinə görə rejissor Zaur Məmmədvəliyevə minnətdarlığını bildirən Ceyla Seyidova deyir ki, rejissor onun bir ifaçı hiss və duyğularının klipdə əks edilməsinə nail olub: Klipin çəkilişi zamanı Zaura səbrinə görə təşəkkür edirəm, axı çəkiliş uzunmüddətli idi və Bakıdakı Kameraorqan musiqisi zalında (Lüteran kilsəsinin binasında) aparılırdı. Bu əsərin ifası zamanı hiss etdiyim duyğular məhz bu binada çatdırıla bilərdi, çünki burada ruhuma yaxın olan məxsusi ab-hava var. Bu klip mənə çox dəyərlidir, çünki hamımız xəyalı gerçəkləşdirə bilmişik”.

Qeyd edək ki, Ceyla Uran qızı Seyidova bir sıra beynəlxalq müsabiqələrdə uğurlar əldə edib. 2008-ci ildə İtaliyada, 2012-ci ildə Belçikada, 2014-cü ildə Yunanıstanda beynəlxalq müsabiqələrdə 1-ci yeri tutub, 2016-cı ildə Moskvada Prokofyev adına müsabiqədə Qran-pri qazanıb. O, həmçinin Spivakov, RostropoviçYuri Başmet adına beynəlxalq festivalların laureatıdır. 2007-ci ildə Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının «Qızıl kitab»ına yazılıb. Gənclər üçün Prezident mükafatına layiq görülüb.

A.P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə başa vuran Ceyla Seyidova ABŞ-da, Almaniyada, Fransada, İtaliyada, İsveçdə, İsveçrədə, Belçikada və digər ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində çıxış edib. 2017-ci ildən Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dövlət Kvartetinin 1-ci skripkaçısı olaraq çalışır.

 

Mədəniyyət.- 2020.- 10 yanvar.- S.4.