Sumqayıt teatrının minlərlə balaca qonağı olub

Sumqayıt Dövlət Dram Teatrının yaradıcı kollektivi bu ilYeni il tətilində maraqlı proqramla uşaqlara sevinc bəxş edib. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bildirib ki, dekabrın 28-dən başlayaraq hər gün bir neçə seans olmaqla uşaqlara İlin şahı adlı tamaşa göstərilib.

Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Vasif Məmmədov, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Karnaval estetikası üzərində qurulan tamaşada Şaxta baba ilə Qar qızın, digər personajların tülkü, toyuq və siçanın şən rəqsləri, zarafatları maraqla qarşılanıb.

2020-ci ilin ilk günlərində nümayiş olunan bayram tamaşasında əməkdar artistlər Sədaqət Nuriyeva, İzaməddin Bağırov və aktyorlar Cavanşir Eyyubzadə, Aynur Hümmətova, Etibar Əmirov, İradə Zeynalova, Məryəm Hüseynli çıxış edib.

Yeni il şənliklərinə ümumilikdə 5 minə yaxın kiçikyaşlı tamaşaçı qatılıb.

 

Mədəniyyət.- 2020.- 10 yanvar.- S.4.