Kuklaların rəqsi

 

Qax Dövlət Kukla Teatrının zəngin sənət yolu

 

Bu gün respublikamızda fəaliyyət göstərən beş kukla teatrından biri Qaxda fəaliyyət göstərir. Bu teatr 1971-ci ildə Qax rayonu Səməd Vurğun adına Mədəniyyət evində İsako Zeynalaşvilinin rəhbərliyi ilə dərnək olaraq fəaliyyətə başlayıb. 1976-cı ildə Xalq kukla teatrı kimi fəaliyyətini davam etdirib. 1992-ci ildən isə “dövlət teatrı” statusunu alıb.

Qax Dövlət Kukla Teatrının kollektivi bu gün Azərbaycan uşaq teatrı ənənəsinin yaşadılması və təbliği üçün böyük əzmkarlıqla çalışır. Yarandığı gündən teatr repertuarını maraqlı səhnə əsərlərilə zənginləşdirərək balaca tamaşaçıların rəğbətini qazanıb. 1992-ci ildən bu günə kimi teatrda 52 tamaşa səhnələşdirilib.

Qax mədəniyyətinin tarixi barədə söhbət açarkən araşdırmaçı Mahir Əfəndinin fikirləri diqqəti cəlb edir: “Azərbaycan Xalq Cümhuriyyəti və ondan sonrakı sovet hakimiyyəti illərində əhalinin istirahətinin təşkili məqsədilə kütləvi-siyasi, mədəni-maarif işlərinin müxtəlif formalarını daha geniş əhatə edən klub müəssisələri-mədəniyyət evləri təşkil olundu. Respublikanın hər yerində olduğu kimi, bu dövrdə Qaxda da mədəniyyət evləri və klubları həmkarlar təşkilatının yerli komitələri tərəfindən yaradılırdı. Kolxozlar yaradıldıqdan sonra isə mədəniyyət evlərinin yaradılması və ona vəsaitin ayrılması bilavasitə kolxozlara həvalə olunurdu. Fəaliyyət göstərən hər bir mədəniyyət evinin işinə seçkili ictimai idarə heyətləri və ya şuralarda nəzarət edilirdi. 1930-cu illərin əvvəllərində İlisuda həvəskarlar tərəfindən ilk teatr tamaşaları göstərilməyə başlanıldı... İlk tamaşaların əsas təşkilatçısı və rejissoru professor Yəhya Kərimovun əmisi Arif müəllim idi”.

Fəaliyyəti müddətində Qax Dövlət Kukla Teatrına Rahib Abdusalam oğlu Məmmədov (1992-1996), Osman Abdulla oğlu Abdullayev (1996-1997), Natiq Zahid oğlu Abbasov (1997-1998) rəhbərlik ediblər. 1998-ci ildən teatrın direktoru Əməkdar mədəniyyət işçisi Nazim Davud oğlu Mahmudovdur. 1992-1996-cı illərdə İsako Nikolayeviç Zeynalaşvili teatrın baş rejissoru olub, 2006-cı ildən bu vəzifədə Əməkdar artist Yusif Fikrət oğlu Abdurahmanov fəaliyyət göstərir.

Teatrın direktoru Nazim Mahmudov 1963-cü ildə İlisu kəndində anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Teatrın baş rejissoru Yusif Abdurahmanov 1968-ci ildə rayonun Almalı kəndində anadan olub. 1989-cu ildə Bakı Mədəni-Maarif Texnikumunu bitirdikdən sonra rayon Mədəniyyət evindəki Xalq kukla teatrında aktyor kimi fəaliyyətə başlayıb. Qax Dövlət Kukla Teatrında onlarla tamaşanın quruluş müəllifi olan Yusif Abdurahmanov 2013-cü ildə Mədəniyyət Nazirliyi tərəfindən Gəncə Dövlət Kukla Teatrına ezam olunaraq Osman Abdullayevin atlı oğlan” pyesinə səhnə quruluşu verib. Həmçinin 2014-cü ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına dəvət olunaraq Kəmalə Ağayevanın “Məlikməmməd” pyesini səhnələşdirib.

Bu gün Qax Dövlət Kukla Teatrının repertuarında olan K.Ağayevanın “Məlikməmməd”, A.Ağaqızının “Tənbəl Əhməd”, N.Kazımovun “Ələddinin sehrli çırağı”, T.Kərimovun “Quyruqsuz ulağın sərgüzəştləri”, A.S.Puşkinin “Qızıl balıq”, O.AbdullayevinQoğal”, “Vəfalı dostlar”, “Nərbala”, “Diş əhvalatı”, Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, R.Əlizadənin “Tıq-tıq xanım”, M.F.Axundzadənin “Hacı Qara”, A.Əlizadənin “Toya gecikən tülkü”, R.Kiplinqin “Başlı başına gəzən pişik”, “Mauqli”, Ə.Səmədlinin “Cırtdan”,  N.Gəncəvinin “Xeyir və Şər”, Ə.Əhmədovanın “Tikanlı yalanlar”, A.LindqreninKarlson”, rumın xalq nağılı əsasında “Günəş və qar adamlar” tamaşaları maraqla baxılan səhnə quruluşlarındandır.

Teatr 1993-cü ildə ilk dəfə Bakı şəhərində Monotamaşalar festivalında Ə.Səmədlinin “Mənim kuklampyesi ilə çıxış edib, 2003-cü ildə isə K.Ağayevanın “Məlikməmməd” pyesinin tamaşası ilə Bakıda keçirilən Uşaq tamaşaları festivalında iştirak edərək diploma layiq görülüb. 2005-ci ildə Qax kuklaçıları T.Kərimin “Quyruqsuz ulağın sərgüzəştləri” pyesinin tamaşası ilə Türkiyənin İzmir şəhərində keçirilən Kölgə və kukla tamaşaları festivalına qatılaraq Qran-priyə layiq görülüblər. Teatr 2010-cu ildə “Qoğalrus xalq nağılının motivləri əsasında O.Abdullayevin qələmə aldığı “Qoğalpyesinin monotamaşası ilə Estoniyanın paytaxtı Tallinn şəhərində keçirilən “Teatr çamadanda” festivalında iştirak edərək diplomla təltif edilib. Yaradıcı kollektiv 2014-cü ildə “Turp” (pantomim) pyesinin tamaşası ilə Rusiyanın Həştərxan şəhərində keçirilən beynəlxalq festivalda da uğurla iştirak edib və teatrın baş rejissoru Yusif Abdurahmanov “Ən yaxşı rejissor” nominasiyasında xüsusi diplomla təltif olunub. Həmin tamaşa 2016-cı ildə Ukraynanın İvano-Frankovsk şəhərində keçirilən festivalda da mükafat qazanıb.

Prezident İlham Əliyevin ötən il imzaladığı müvafiq sərəncamla respublikamızın digər teatrları ilə yanaşı, Qax Dövlət Kukla Teatrına da vəsait ayrılıb. Bu sərəncamdan sonra teatrın yerləşdiyi inzibati binanın qrim otaqları əsaslı şəkildə təmir olunaraq yeni avadanlıqla təchiz edilib, istilik sistemi yenilənib, eləcə də işıq sexi yenidən qurularaq səhnə işıqları və səs sistemləri müasir avadanlıqlarla təchiz olunub.

Kollektiv 2020-ci ilə də yeni yaradıcılıq planları ilə başlayır. Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar planına əsasən, bu il Qax Dövlət Kukla Teatrında dörd yeni tamaşa hazırlanacaq. Teatrın direktoru Nazim Mahmudovun bildirdiyinə görə, rus xalq nağılı “Turp”, həmçinin Xanımana Əlibəylinin “Meşə həkimi”, fransız yazıçısı Şarl Perronun “Yatmış gözəl” və rus yazıçısı Pavel Morozovun “Yırtıcı dovşan” əsərləri tamaşaya qoyulacaq. “Turp” tamaşasının məşqlərinə (rejissor Yusif Abdurahmanov) yaxın günlərdə başlanılacaq.

 

Anar BURCƏLİYEV

Teatrşünas

 

Mədəniyyət.- 2020.- 10 yanvar.- S.7.