Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı diqqət mərkəzindədir

Ötən il Mədəniyyət Nazirliyinin fəaliyyətində, digər sahələrlə yanaşı, xalq yaradıcılığı və mədəni marşrutların təşviqi və inkişaf etdirilməsi istiqamətində də bir sıra tədbirlər, layihələr həyata keçirilib.

Bu sırada Azərbaycan Aşıqlar Birliyi ilə birgə təşkil olunan tədbirlər də xüsusi yer tutub. Heydər Əliyev Sarayında Aşıq Pəri məclisinin 35 illiyinin, Tovuz rayonunda ustad aşıq Mikayıl Azaflının 95 illiyinin qeyd olunması, Aşıqlar Birliyinin Sumqayıt bölməsinin açılışı, Azərbaycan aşıqlarının Özbəkistanda keçirilən beynəlxalq festivalda uğurlu iştirakı (ikinci yer) kimi tədbirlər bu qəbildəndir.

Xalq teatrlarının fəaliyyətinin dəstəklənməsi, xüsusən regionlarda mədəni həyatın təşkilində rolunun artırılması məqsədilə 2019-cu ildə (aprel, iyun) III Respublika Xalq Teatrları Festivalı keçirilib. Xalq yaradıcılığının qorunması, inkişafı, təbliği istiqamətində uzunmüddətli və səmərəli fəaliyyətə görə İsmayıllı rayonunun Lahıc folklor kollektivinə, Lənkəran rayonunun Nənələr folklor kollektivinə, Şamaxı rayonunun Şirvan folklor qrupuna xalq kollektivi statusu verilib.

Bundan əlavə, ötən il (iyul) I Respublika Sənətkarlıq Festivalı təşkil olunub. Noyabrın 1-də Bakıda final mərhələsi keçirilən Ənənəvi Respublika Folklor Festivalı da ötən ilin bu sahədə yaddaqalan hadisələrindəndir.

Azərbaycanın zəngin tarixə, mədəniyyətə, özünəməxsus adət-ənənələrə sahib olması ölkənin mədəni potensialının beynəlxalq səviyyədə təbliğ olunmasına və ölkəyə gələn xarici qonaqların mədəni marşrutlardan istifadə etməsinə imkanlar yaradır. Bu məqsədlə Azərbaycan 2011-ci ildən etibarən Avropa Şurasının mədəni marşrutlar layihəsində (Cultural Routes of Council of Europe) iştirak edir.

Hazırda ölkəmiz bu layihənin 5 mədəni marşrutunda təmsil olunur: Yəhudi irsi üzrə Avropa marşrutu; Şərab yolu turizm marşrutu; Qədim qayaüstü incəsənət izləri; Avropa Termal şəhərlər mədəni marşrutu; Zeytun ağacları marşrutu.

Mədəniyyət Nazirliyi Avropa Şurasının Zeytun ağacları beynəlxalq mədəni marşrutu arasında razılaşma sənədi ötən il imzalanıb Azərbaycan iyunun 12-də bu marşruta daxil edilib.

Ölkəmizin mədəniyyətinin tanıdılması və təbliği məqsədilə xarici televiziya kanalları ilə əməkdaşlıq da davam etdirilir. 2019-cu ildə mədəniyyətimizin müxtəlif sahələrinin tanıdılması və təbliği məqsədilə yeni videoçarxların nümayiş olunması ilə bağlı müqavilələr imzalanıb və hazırda bununla əlaqədar işlər davam etdirilir.

 

Mədəniyyət.- 2020.- 10 yanvar.- S.5.