Vəfatından 60 il sonra akademik olan şair

 

 

 

XIX əsr rumın ədəbiyyatının görkəmli nümayəndələrindən biri şair, nasir, jurnalist Mixay Emineskudur. Bu il şairin anadan olmasının 170 illiyi tamam olur.

Mixay Eminesku (Eminoviç) 15 yanvar 1850-ci ildə Rumıniyanın Botoşani şəhərində anadan olub. Erkən çağlardan ədəbiyyata maraq göstərir. Onun uşaq təxəyyülünün inkişafına atasının çox da zəngin olmayan kitabxanasının təsiri olub. İbtidai məktəbin ilk iki sinfini evdə keçən Mixay səkkiz yaşında Çernova liseyinin üçüncü sinfinə qəbul olunur. Sevimli müəllimi, 1848-ci il inqilabının iştirakçısı, filoloq Aron Pumnul (1818-1866) onda bədii yaradıcılığa maraq oyadır.

Bir gün A.Pumnul Mixayı evinə dəvət edir, kitabxanasını ona göstərir istədiyi vaxt yararlana biləcəyini deyir. O, bir müddət müəlliminin evində qalır, burada dünya ədəbiyyatı nümunələrini mütaliə edir. 1866-cı ildə A.Pumnul vəfat edir. Mixay bu ağır itkidən çox təsirlənir ilk şeirlərini qələmə alır. Şagirdlərin görkəmli maarifçinin xatirəsinə ithaf etdikləri şeirlərdən ibarət “Gimnaziya tələbələrinin göz yaşları” adlı broşürdə 16 yaşlı Mixayın da ilk dəfə şeiri işıq üzü görür. Şeir “M.Eminoviç” imzası ilə dərc olunmuşdu.

Müəllifin əsərlərini Azərbaycan dilinə çevirən Fəridə Hacıyeva araşdırmasında yazır ki, şairin ilk qələm təcrübəsi olan “Kaş mən ” şeiri Transilvaniyalı publisist İosif Vulkanın redaktorluğu ilə nəşr olunan “Familiya” (“Ailə”) jurnalında dərc edilib. Redaktor şairin soyadını səhvən “Eminesku” kimi yazıb. Bundan sonra nəinki şairin özü, bütün Eminoviçlər nəsli  bu soyadı daşıyıb... F.Hacıyeva onu da qeyd edir ki, “Familiya” jurnalında şairin “Yad ellərdən”, “Bunovinaya”, “Ümid”, “Gecənin sirləri”, “Eliadaya”, “Aktrisaya” s. şeirləri işıq üzü görüb. Şairin ilk nəsr əsəri – “Vəhşiləşmiş ruh” romanı isə 1868-1869-cu illərdə qələmə alınsa da, müəllifin ölümündən sonra – 1904-cü ildə işıq üzü görüb.

M.Eminesku orta məktəbi 1866-cı ildə bitirir gimnaziyaya qəbul olunur. Lakin o, gimnaziya təhsilini başa çatdıra bilmir. Atasının təkidi ilə gənc şair 1872-ci ildə Almaniyaya gedir. 1874-cü ilə kimi Berlində yaşayır universitetdə çoxsaylı mühazirələrin dinləyicisi olur.

Şair yaradıcılığının ilk vaxtlarında təbiət təsvirlərinə, məhəbbət mövzusuna geniş yer verir. Ancaq yaradıcılığının ikinci mərhələsində onun əsərlərində insanın mənəvi aləminin tərənnümü əsas yer tutur. O, 1872-ci ildə Veronika Mikle adlı xanımla tanış olur. Bu onun yaradıcılığında dönüş yaradır. Şair Veronikanı ömrünün sonuna kimi sevir. Onu həyatının ən maraqlı əsəri hesab edir. Bu sevgisini “Meşə haqqında nağıl”, “Göl”, “Arzu” şeirlərində poetik bir dillə ifadə edir:

Gecə yarı, ağcaqovaq,

Pəncərəmi qamçılayır.

Sevgilimi yada salıb

Ürəyimi parçalayır...

Şair bir-birinin ardınca “İmperator proletarlar”, “Mələk İblis” adlı poemalarını yazır. O daha sonra “Venera Madonna”, şah əsəri hesab etdiyi  “Lucçferul” poemasını ərsəyə gətirir.

M.Eminesku 1874-cü ilin sentyabrında işləmək üçün Yassı şəhərinə köçür. Burada o, “Kelin” adlı poemasını qələmə alır. Yassıda şair gimnaziya müəllimi, kitabxanaçı, məktəb inspektoru vəzifələrində çalışır. Ədəbi aləmdə artıq yaxşı  tanınan şair 1877-ci ildə “Timpul” qəzetindən təklif alır. Buna görə həmin il Buxarestə köçür. Bu illər ərzində müəllif sosial-fəlsəfi xarakter daşıyan “Məktub” əsərini yazır. Sonra üzərində 8 ildən çox işlədiyi “Gecə ulduzu” poemasını tamamlayır.

Fasiləsiz işləmək, güzəranın ağırlığı sabaha ümidsizlik onu mənən yorur. Şair 1883-cü ilin iyun ayında bərk xəstələnir. Həmin il onun yeni şeirlər kitabı çap olunur. Qəzetlərdə haqqında məqalələr dərc edilir. Ancaq bütün bunlar şair üçün elə bir əhəmiyyət kəsb etmir. O öz uğuruna etinasız yanaşır. Çünki ağır xəstəlik yavaş-yavaş şairi əldən salırdı. Bununla belə, şair ən çətin durumda da işləmək məcburiyyətində idi.

Mixay Eminesku 15 iyun 1889-cu ildə vəfat edib. Ədəbi tənqidçi Titu Maioresku 1902-ci ildə şairin 14 min səhifədən ibarət əlyazmalarını Rumıniya Elmlər Akademiyasına təqdim edib. 1949-cu ildə (ölümündən sonra) Mixay Emineskuya Rumıniya EA-nın akademiki adı verilib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 15 yanvar.- S.6.