Məqsədə doğru...

 

Ağarza Quliyev sənətini həyatının mənasına çevirməklə kinematoqrafçılarımıza örnək oldu

 

Azərbaycan kinosunun inkişaf yoluna nəzər salanda, bir sıra görkəmli sənətkarlarımızla yanaşı, respublikanın Əməkdar incəsənət xadimi, kinorejissor, aktyor Ağarza Quliyev də yada düşür, yaradıcılığı göz önündə canlanır. Onu unudulmamağa qoymayan başlıca səbəb də kino yaradıcılığının məhsuldar olması, çəkdiyi, çəkildiyi filmlərin yaddaşlarımızda iz salmasıdır.

XX əsrin birinci yarısında Azərbaycan kinosunda çalışan yaradıcı heyətin çoxu başqa millətlərdən olduğuna görə çəkilən filmlər milli xarakter daşımır, insanların diqqətini çəkmirdi. Bu kimi hallar həmin illərdə kinomuzun dirçəlişinə təkan verən yazıçı, dramaturq, ssenarist Cəfər Cabbarlını, istedadlı kinorejissor Mikayıl Mikayılovu, aktyorrejissor Abbas Mirzə Şərifzadəni, görkəmli sənətkar  Mirzağa Əliyevi, o cümlədən kino fədaisi Ağarza Quliyevi narahat etməyə bilməzdi. Onlar filmlərdəki hadisələrin milli xarakter alması üçün əllərindən gələn köməyi əsirgəmir, filmlərdə yeri gələndə rejissor assistenti, rejissor, bəzən aktyor, bəzən də film direktoru kimi çalışır, Azərbaycan kinosunun milli zəmində formalaşmasına imkan yaradırdılar. Ən önəmlisi isə ürəyi sənət eşqi ilə çırpınan sənətkarlarımızın hər birinin ümdə arzusu milli kadrların yetişdirilməsi idi. Ağarza Quliyevömrü boyu kinomuzun keşiyində durdu, istedad və bacarığını bu sənətin inkişafına sərf etdi.

Azərbaycan kinosunda özünəməxsus dəst-xətti ilə seçilən, yaradıcılığı ilə kino salnaməmizi zənginləşdirən Xalq artisti, operator, rejissor Muxtar Dadaşov həmkarı haqqında xatirələrində yazır: “...Ömrünün yarım əsrini Azərbaycan kinosunun təşəkkül tapmasına və inkişafına həsr edən kinorejissorkinoaktyor Ağarza Quliyev respublikamızda gənc kinematoqrafçıların yetişməsinə böyük əmək sərf etmişdir. Biz həmkarları ona hörmətlə “Uçitel” deyə müraciət edirdik”. Bəli, nümunəvi davranışına, dərin sənət bilgisinə görə kinematoqrafçıların yaşlı və gənc nəsli, sözün əsl mənasında, onu özünə müəllim hesab edir, hörmətlə “ağsaqqal” deyə müraciət edərdilər.

 

Yaradıcılıq məcmusu

 

Ağarza müəllim kino çəkilişlərinin ibtidai mərhələsində (quraşdırılma səhnələrin olmadığı zamanda) bu sənətə gəlib. İlk dəfə “Bayquş” (1924) filmində nökər Əli rolunu canlandırıb. Gələcəyin istedadlı aktyorrejissoru bu rol haqqında xatirələrində belə yazır: “Filmdə Əlinin özünü dənizə atması kadrının real alınması üçün fırtınalı havada suya tullanmalı oldum. Üzməyi bacarmadığım üçün az qala batacaqdım. Yoldaşlarım vaxtında köməyimə gəlməsəydi, kinoyla da, həyatla da vidalaşacaqdım”.

Beləcə, ilk filmdən, ilk roldan aldığı həyəcanlı təəssüratı daim xatırlayan kino aşiqi bu sənətin xoş, mülayim tərəfləri ilə yanaşı sərtliklərini də ömrü boyu qəbul etdi, unutmadı. Maraqlıdır ki, rejissorun filmoqrafiyasına nəzər salanda quruluş verdiyi filmlərin bir neçəsinin məhz elə çətin çəkilişləri olan səhnələrdən ibarət olduğunu görürük. Bu isə Ağarza müəllimi narahat edən mövzuları gündəmə gətirmək istəməsindən, kinonun maarifləndirici xarakter daşımasına üstünlük verməsindən irəli gəlir. 

Ağarza Quliyevin müstəqil rejissor kimi debüt işiDirektiv bant” (1932) qısametrajlı filmi olub. Bundan sonra o, Azərbaycan diviziyasının səhra təlimlərindən, hərbi və siyasi hazırlığından bəhs edən “Azərbaycan diviziyasının düşərgələrində” adlı (1932) qısametrajlı sənədli, ardınca isə “Dostlar” (1934) bədii filmini çəkib. C.Cabbarlının arzusu olan, hazırlıqlarına belə başladığı, lakin yarımçıq qalanAlmaz” səssiz filminin çəkilişlərini isə kinorejissor Qriqori Braginski ilə birgə reallaşdırıb (1936). Dövrünün vacib mövzusu olan, yeni neft yataqlarının kəşf edilməsindən bəhs edən “Yeni horizont” (1940) filmi Ağarza müəllimin quruluş verdiyi ilk səsli, tammetrajlı filmdir. Bundan sonra o, müxtəlif janrlarda “Vətən oğlu” (1941), “Bəxtiyar” (1942), “Qara daşlar” (1956), “Səhər” (1960), “Ulduz” (1964) filmlərini müstəqil rejissor kimi tamaşaçılara ərməğan edib. “Mən ki gözəl deyildim” kinodramı isə (kinorejissor T.Tağızadə və R.Əsgərovla birgə, 1968) mövzusuna və çəkiliş zamanı baş verən faciəli hadisəyə görə rejissorun xatirəsində əbədi kədərli iz salan film kimi qalıb.

Göründüyü kimi, ustad sənətkarın yaradıcılığına nəzər salmaq kifayət edir ki, arzularını məqsədə çevirən, kinoda reallaşdırmağa çalışan, məsləyində özünü, sözünü təsdiqləyən insanın ömrünü kinoya əbəs yerə sərf etmədiyinin, həmçinin gənc kinematoqrafçıların təfəkkürünü doğru səmtə istiqamətləndirdiyinin şahidi olaq. Rejissorun filmlərinin ümumi məzmununun məcmusu insanpərvərlik, humanistlik, vətənpərvərlik kimi ali məqsədlərin təbliği və təsdiqidir.

1941-ci ildə ekranlaşdırdığı “Vətən oğlufilmi II Dünya müharibəsində ön cəbhədə kəşfiyyat dəstəsində almanlara qarşı vuruşan Kamalın şücaətindən, arxa cəbhədəki insanların onun ailəsinə göstərdiyi maddi və mənəvi dayaqdan bəhs edir. Qısametrajlı film müharibə illərinin faciəli, çətin günlərini, gözü yolda qalan anaların həsrətini, bir ailənin timsalında evlərdə yaşanan nigaranlığı əks etdirir. “Bəxtiyar” (1942) filmində ön cəbhədə əsgər yoldaşlarına ərzaq (at arabası ilə) daşıyan Bəxtiyarın pusquda duran almanlarla qarşılaşmasını, onlarla təkbətək döyüşməsini, alman əsgərlərini məhv etməsini, yaralı halda belə düşmənə bir tikə belə çörək verməməsini görürük. Hər iki film sadə üsulla ekranlaşdırılsa da, mühümaktual hadisələrin zamanında tamaşaçıya çatdırılması, insanlarda döyüş əzminin yüksəldilməsi baxımından önəmlidir.

Ümumiyyətlə, müharibə anlayışı Ağarza müəllimi ömrü boyu narahat edən, yaradıcılığında önəmli yer tutan mövzulardandır. Onun aktyor fəaliyyətində də həyat üçün vacib nüansları peşəkarcasına qabartdığını, ələlxüsus “Mən ki gözəl deyildim” filmində canlandırdığı Rəhim baba surətini məzmunlu və emosional yaratdığını görürük. Kiçikplanlı Rəhim baba obrazı filmin dramatizmini maksimal həddə çatdıran, dövrünün gərgin situasiyalarını şəxsi faciəsində təqdim edən roldur. Film boyu poçtalyon Səidənin “qara kağız” harayından qorxması həyəcanını yaşayır, onunla birlikdə pis xəbərlə rastlaşan insanlara ünvanlanan bəd xəbərlərin yükünü çəkirik. Film boyu ürəklərə dolan qubarlı, həyəcanlı təəssüratlar kor qocanın harayında qatılaşmış nifrətə, hayqırtıya çevrilir. Əllərini göyə qaldıraraq dünyadan imdad diləyən Rəhim babanın “Vəhşilər oğullarımızı əlimizdən alırlar. Məni eşidirsinizmi, ay adamlar...” deyərək nalə çəkməsi minlərlə köməksiz yaşlının həyatına ağı deyir. “Qara kağız”ların evlərə gətirdiyi bu kimi nisgili, bəlanı törədənləri o, çarəsizliyi, müharibəyə olan üsyanı ilə lənətləyir. Bununla da sənət bilgisiduyumu güclü olan aktyor-rejissor Ağarza Quliyev kiçik bir kadrda, düzgün mizan verdiyi rolda müharibənin dəhşətlərinə nifrət püskürən hiddət tablosu yaradır. Rəhim babanın bala həsrəti ilə fəğan edən monoloqunu məhz filmin kulminasiya nöqtəsi hesab etmək olar.        

Sakit təbiətli, sadə insanların adətən daxili təlatümü güclü, xarakteri isə bəzi məqamlarda mürəkkəb olur. Ağarza müəllim də təbiət etibarilə sakit, az danışan bir insan olsa da, yaradıcılıqda məntiqli məqamların bolluğuna önəm verirdi. Bu mənada aktyor kimi canlandırdığı rolları filmin aparıcı qüvvəsinə çevirirdi. “Sən niyə susursan?” filmindəki kənd müəllimi obrazı da kiçikplanlıdır. Ancaq jest və ifadə tamlığına görə filmin axıcılığına rəvac verən roldur. Bu kimi personajların fərdi cəhətlərini filmdə geniş planda izləməsək də (qısa və aydın jestlərlə təqdim olunması baxımından), həyat mövqeyinin ardıcıllığını görür və anlayırıq.

 

Xatırlanarkən

 

Uşaqlıq və gənclik illəri imkansızlıq dolu müharibə dövrünə təsadüf edən Ağarza Quliyevi çətinliklərə sinə gərən iradəsinə, sənət mücadiləsinə, həyat təcrübəsinə, məsləyinə olan sevgisinə görə kinomuzun fədaisi adlandıra bilərik. O, peşə bilgisini böyük həvəslə gənclərə tədris edir, onların peşəkar kinematoqrafçı olmaları ilə fəxr edirdi. Elə buna görə də həmkarları Ağarza müəllimi mülayim, xoşxasiyyət insan kimi xatırlayırlar.

Xalq artisti, kinorejissor Xamis Muradov Ağarza müəllimi nurani çöhrəli insan adlandıraraq yada saldı: “Ağarza müəllim Azərbaycan kinosunda milliliyə, humanistliyə ən çox önəm verən, yüksək mənəvi dəyərləri ustalıqla filmlərin leytmotivinə çevirən rejissorlarımızdan idi. Mən kinostudiyaya gəldiyim vaxtdan kiminsə ondan narazılıq etdiyinigördüm, nə də eşitdim. Hamı onu sevirdi. Çox mülayim, insanpərvər insan idi. Ömrünün son günlərində səhhəti ilə bağlı bir müddət xəstəxanada qaldı. Demək olar ki, bütün əməkdaşlar mütəmadi olaraq ona baş çəkməyə gedirdi. Bizgetmişdik. Qəribə şirinliyi, doğmalığı vardı. Bunu görməmək, qeyd etməmək mümkünsüzdür. İnsanlara xüsusi hörmətlə yanaşardı. Onun bu kimi cəhətlərini çəkdiyi filmlərdən də görmək olur. Mən onu həmişə hörmətlə xatırlayıram”. 

Əməkdar mədəniyyət işçisi, tanınmış dublyaj rejissoru Arif Həbibi də Ağarza Quliyevi xoş xatirələrlə yada salır: “Ağarza müəllim sənətdə müəllimim, həyatda isə qohumum olub. Mən dublyaja gəldiyim vaxtdan (1967) onu kinostudiyada görmüşəm. Həmin illərdə adətən kinorejissorlar film çəkməyəndə həm məvacib almaq, həm də istehsalatdan uzaqlaşmamaq üçün dublyajla məşğul olurdular. Ağarza müəllimə də film çəkmədiyi vaxtlarda il ərzində dublyaj etmək üçün 4-5 film verilirdi. O, studiyaya gələndə adətən çox vaxt susurdu, həmişə fikirli olurdu. Səsləndirmə üçün aktyor seçimi edəndə mənə də müraciət edirdi. Təkliflərimi bəyənir, mənimlə razılaşırdı. Onun dublyajından həmişə razı qalırdılar. Mən fəxr edirdim ki, bu cür sənətkarlarla çiyin-çiyinə çalışırdım”.

Zəngin sənət təcrübəsinə malik Ağarza Quliyev yaradıcılıq fəaliyyətində ali ideyaların daşıyıcısı olan akademik obrazları təbliğ və təqdim etdi. Ali məqsədlərə doğru yönəltdiyi sənətini həyatının mənasına çevirməklə zəhmətkeşliyi, sənətsevərliyi ilə kinematoqrafçılarımıza örnək oldu. Onların yaradıcılıq potensialını doğru səmtə yönəldən, peşəkarlığına çalışan kino öncüllərimizdən biri kimi yadda qaldı. Həmkarlarının, dostlarının söylədiklərinə görə, ətrafına heç bir vaxt biganə qalmadı. Sənətdə novatora çevrildi, ürəyi daim vətən eşqi ilə döyündü, həmvətənlərinin düşüncələrini, həyat missiyasını önəmsədi, onların dərdini, problemlərini həyatının qayəsinə, yaradıcılığının motivinə çevirdi. Filmləri vasitəsilə hər birimizlə dərdləşdi, müasiri olmağımıza, onu tanımağımıza şərait yaratdı. Yaradıcılığında şərh etdiyi vacib məsələlərə bizləri də şahid çəkdi, ağsaqqal, pedaqoq nəsihətini əsirgəmədi. Vacib, bitkin fikirlərin, bədii obrazların yaradıcısı olaraq da hafizələrdə, qəlblərdə yaşadı, sevilə-sevilə xatırlandı...

 

Şəhla ƏMİRLİ

Kinoşünas

 

Mədəniyyət.- 2020.- 15 yanvar.- S.7.