Azərbaycan musiqisini böyük məhəbbətlə sevirəm

Yaponiyada mahnılarımızın ifaçısı kimi tanınmış Kyoko Yamamota Japan Jazz Vocal mükafatına layiq görülüb

 

Mükafatın təqdim edilməsi mərasimində Yaponiyanın caz ifaçıları və sənətsevərlərlə yanaşı, Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşları, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin üzvləri də iştirak ediblər.

Bildirilib ki, Japan Jazz Vocal mükafatı ölkədə bu musiqi növünü təşviq etmək məqsədilə 1985-ci ildə Jazz World qəzeti tərəfindən təsis edilib.

Sonra mükafata layiq görülən sənətçilərin ifasında caz musiqisi nümunələri səsləndirilib. Kyoko Yamamotanın çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Onun ifasında səslənən İspaniya, Volare mahnıları və Azərbaycan dilində Sarı gəlin xalq mahnısı tamaşaçıların alqışları və rəqsləri ilə müşayiət olunub.

Sarı gəlin mahnısını ifa etməzdən əvvəl tamaşaçılara Azərbaycan haqqında məlumat verən yapon müğənni bildirib ki, bu ölkə həm qədim və zəngin mədəniyyəti, həm də müasir inkişafı ilə onu görənləri heyran edir. Qeyd edib ki, özünəməxsusluğu ilə seçilən Azərbaycan mahnıları dinləyicilərin zövqünü oxşamaqla yanaşı, onlara dərin, romantik hisslər aşılayır. Buna görə də o, Azərbaycan mahnılarını böyük məmnuniyyətlə öz repertuarına daxil edir.

Tokioda yaşayan azərbaycanlı rəqqasə Dilarə Qazıyevanın müşayiəti ilə ifa edilən Sarı gəlin mahnısı sürəkli alqışlarla qarşılanıb.

Yaponiyada yaşayan azərbaycanlıların onun Japan Jazz Vocal mükafatına layiq görülməsinə göstərdikləri diqqətə görə minnətdarlığını bildirən K.Yamamota AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə deyib: Azərbaycanın çox gözəl və rəngarəng musiqisini böyük məhəbbətlə sevirəm. Bu musiqi dərin çalarları ilə məni valeh edib. Çalışacağam ki, bundan sonra da sizin musiqinizi daha böyük həvəslə təmsil edim, yapon dinləyicilərə sevdirim. Yaşasın Azərbaycan-Yaponiya dostluğu.

 

Mədəniyyət.- 2020.- 15 yanvar.- S.8.