Şəhərin qış gecələrinin premyerası olacaq

 

Şəhərin yay günlərinin qəhrəmanları Qara Yanvarı necə yaşayıblar?

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş Şəhərin qış gecələri tamaşası hazırlanıb.

Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinə Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib. Tamaşanın bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı Arif Əbdürrəhmanovdur. Tamaşada əməkdar artistlər Elşən Rüstəmov, Kəmalə Hüseynova, Elşən Çarhanlı, Şövqi Hüseynov, İlham Əsədov, aktyorlar Bəhram Həsənov, Vahid Orucoğlu, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Ədalət Əbdülsəməd, Rövşən Abbasov, Kərəm Hadızadə, Ramiq Nəsirov rol alıblar.

Quruluşçu rejissor Bəhram Osmanov 30 il öncə xalqımızın yaşadığı böyük faciənin teatr səhnəsində anılmasının mühümlüyünü xüsusi qeyd edib: 20 Yanvar faciəsindən otuz il keçib, bu dəhşətli faciə tariximizdə silinməz izlər buraxıb və görünür, burda da bir məntiq var ki, məhz 30 il sonra böyük yazıçımız Anar bu mövzuya müraciət edib. Bilirsiniz ki, hələ ötən əsrin 80-ci illərində Anarın Şəhərin yay günləri əsəri çox məşhur idi, o tamaşaya mərhum rejissor Tofiq Kazımov quruluş vermişdi. Bu dəfə isə həmin qəhrəmanlar soyuq bir yanvar axşamında bu faciəni yaşayırlar. Anarın bütöv millətin faciəsini bir ailənin timsalında göstərdiyi əsərini bədii şərtiliklə və müasir vizual vasitələrdən istifadə edərək qurmağa çalışırıq. Ümid edirəm ki, bu tamaşa yeni gələn nəsillərin həqiqətlərimizi, tariximizi doğru, dürüst öyrənməsində faydalı olacaq.

Şəhərin qış gecələrinin premyerası 18-19 yanvar tarixində nəzərdə tutulub.

Xatırladaq ki, 1977-ci ildə Anarın Şəhərin yay günləri pyesi əsasında hazırlanmış tamaşanın yaradıcı heyətinin bir qrupu Azərbaycan Dövlət mükafatına layiq görülmüşdü.

 

Mədəniyyət.- 2020.- 15 yanvar.- S.2.