Respublika Uşaq Kitabxanasında şəhidlər yad edilib

20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azadlığa gedən yolun zirvəsi adlı tədbir keçirilib.

Kitabxananın direktor müavini Zahirə Dadaşova çıxış edərək 20 Yanvarı Azərbaycan xalqının azadlıq mücadiləsində mühüm mərhələ adlandırıb. Qeyd edib ki, sovet imperiyası həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizə ruhunu sarsıtmağa çalışsa da, buna nail ola bilməyib. Əksinə, Vətənin azadlığı uğrunda mübarizəyə qalxmış xalq son ana qədər mübarizə əzmi nümayiş etdirərək öz istiqlaliyyətinə qovuşub.

Tədbirdə iştirak edən şagirdlər vətənpərvərlik ruhunda mahnılar oxuyub, şeirlər söyləyiblər. Bir-birini əvəz edən kompozisiyalar maraqla qarşılanıb.

Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş Həqiqət uğrunda ölümləriylə, Ölümü kamına çəkdi şəhidlər adlı kitab sərgisi ilə tanış olub, şəhidlərin şəkilləri önünə qərənfillər düzüblər.

 

Mədəniyyət.- 2020.- 17 yanvar.- S.2.