Vokalçılar festivalının iştirakçıları ilə görüş

Yanvarın 15-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə ötən ay ilk dəfə gerçəkləşən Vokalçıların respublika festivalının iştirakçıları ilə görüş keçirildi.

Mədəniyyət telekanalının layihəsi əsasında, Mədəniyyət Nazirliyinin dəstəyi ilə 17-24 dekabr tarixində reallaşan festivalın məqsədi Azərbaycan klassik vokal musiqisininvokal ifaçılığının inkişafı, təbliği və gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılması idi.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova yeni ilin ilk tədbirinə toplaşmış qonaqları salamladı. Bildirdi ki, klassik vokalçıların ilk festivalı Əməkdar artist Ramil Qasımovun təşəbbüskarı olduğu layihə əsasında keçirilib. Muzeyin direktoru onu da diqqətə çatdırdı ki, festival günlərində muzeyin arxivində saxlanılan fotolardan istifadə edilərək Əməkdar artist İnarə Babayevanın müəllifliyi ilə Azərbaycan opera ifaçılığı antologiyası kitabı ərsəyə gətirilib.

Əməkdar artist İnarə Babayeva festivalın əhəmiyyəti və yeni nəşr haqqında danışdı. O, tədris metodikasında belə bir antologiyanın çox lazımlı olduğunu qeyd edərək vurğuladı ki, kitab Xalq artisti, unudulmaz müğənni Şövkət Ələkbərovaya həsr olunub.

Çıxışlardan sonra konsert proqramı təqdim edildi. Akademik Opera Balet Teatrı Akademik Musiqili Teatrın solistləri Xalq artisti Gülnaz İsmayılova, əməkdar artistlər Tural Ağasıyev, İlahə Əfəndiyeva, vokalçılar Şaban Cəfərov, Nina Makarova, Taleh Yəhyayev başqalarının ifasında Azərbaycan dünya bəstəkarlarının klassik əsərləri səsləndirildi.

Konsert-görüş zamanı çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunurdu.

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 17 yanvar.- S.3.