UNESCO-da multikulturalizmin Azərbaycan modelindən danışılıb

Dövlət, ölkə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur. Çünki onların hər biri dünya mədəniyyətinə sivilizasiyasına öz töhfəsini verir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədiyi bu sözləri UNESCO-nun qərargahında Cojep İnternational tərəfindən təşkil edilmiş Multikulturalizm naminə hərəkət edin! Ədalətli bir dünya üçün nəsə et! adlı konfransda Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov səsləndirib.

O, multikulturalizmin Azərbaycan modelindən söz açaraq Prezident İlham Əliyevin fikrini diqqətə çatdırıb: Multikulturalizmin alternativi yoxdur. Bəziləri multikulturalizmin iflasa uğradığını iddia edirlər, ancaq müsbət nümunələr var. Bizim üçün multikulturalizm dövlət siyasətidir bizim həyat tərzimizdir.

S.Qasımov ölkəmizdə müxtəlif dinlərə, onların nümayəndələrinə, dini ənənələrinə hörmətlə yanaşıldığını, onların mədəni irsinin qorunub saxlanıldığını qeyd edib. Bildirib ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə baxmayaraq, Bakının mərkəzində erməni kilsəsi qorunub saxlanılır. Lakin Yerevanda Azərbaycan mədəni tarixi irs abidələri məhv edilib.

Cojep İnternational təşkilatının rəhbərliyi ötən il ölkəmizdə səfərdə olub. Təşkilatın Multikulturalizm naminə hərəkət edin! adlı layihəsinin builki kampaniyası Asiyaya həsr edilib. Təşkilatın Multikulturalizm naminə hərəkət edin! Ədalətli bir dünya üçün nəsə et! adlı ilk konfransı UNESCO-da təşkil olunub. Avropa Parlamentində, Avropa Şurası, BMT və ATƏT-də də bu mövzulu konfransın keçirilməsi nəzərdə tutulub.

 

Mədəniyyət.- 2020.- 17 yanvar.- S.2.