Sumqayıt teatrında yeni layihələr

 

2020-ci ilin ilk aylarında Sumqayıt Dövlət Dram Teatrında bir neçə yeni layihə reallaşacaq. Teatrda ilk dəfə Üzeyir Hacıbəylinin məşhur O olmasın, bu olsun komediyası yeni quruluşda tamaşaçılara təqdim ediləcək.

Tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Namis Şirməmmədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi rəhbəri Telman Qəniyevdir.

Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov yeni yaradıcı gəncləri cəlb etməklə beynəlxalq teatr festivalları standartlarına uyğun bir neçə monotamaşanın hazırlanmasının nəzərdə tutulduğunu da bildirib. Artıq Ülviyyə Heydərovanın yeni monopyesi əsasında gənc rejissor Ümid Abbasla gənc aktyor Kamran Muradlının yaradıcılıq layihəsinə start verilib. Yazarın Uşaqlıq adlı digər bir monopyesinə Xalq artisti Firudin Məhərrəmov quruluş verəcək. Tamaşada gənc aktrisa İlahə Səfərova iştirak edəcək. Hər iki monotamaşanın səhnə tərtibatçısı teatrın baş rəssamı Elşən Sərxanoğludur. Yeni layihələr fevral ayında sumqayıtlı teatrsevərlərə təqdim olunacaq.

 

Mədəniyyət.- 2020.- 17 yanvar.- S.3.