Şəki teatrında yeni tamaşalar

 

Təsdiq edilmiş repertuar planına əsasən, 2020-ci ildə Şəki Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq.

Teatrın ədəbi-dram hissə rəhbəri Sevda Nəsirova bildirib ki, bu il sənət ocağında Xaqani Əliyevin Çələbi xana Qızılqaya xəyanəti, Sabit Rəhmanın Yalan, Əbdürrəhim bəy Haqverdiyevin Ağaməhəmməd şah Qacar əsərləri, həmçinin uşaqlar üçün Nazim Hikmətin Kor padşah nağılı tamaşaya qoyulacaq.

Əməkdar incəsənət xadimi Sabit Rəhmanın və görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin əsərləri dramaturqların 110 və 150 illik yubileyləri ilə bağlı səhnələşdiriləcək.

Hazırda teatrda Çələbi xana Qızılqaya xəyanəti əsərinin məşqləri gedir. İkihissəli dram görkəmli tarixçi alim, akademik Yaqub Mahmudovun 80 illik yubileyinə həsr olunub. Əsər Azərbaycanın xanlıqlar dövrü tarixinə işıq salır. Xanlıqlar arasındakı ədavət, Nadir şahın hakimiyyəti dövründə yerli əhalinin başına gətirilən oyunlar, eyni zamanda Şəki xanı Hacı Çələbinin ailəsində baş verən hadisələr əsərin əsas süjet xəttini təşkil edir.

 

Mədəniyyət.- 2020.- 17 yanvar.- S.5.