Vətən torpağı şəhidləri ilə ucalır

 

 

Qanlı Yanvarın otuzuncu ildönümündə Şəhidlər xiyabanına ümumxalq ziyarəti

Qatil gülləsinə qurban gedərkən,

Gözünü sabaha dikdi şəhidlər.

Üçrəngli bayrağı öz qanlarıyla

Vətən torpağına çəkdi şəhidlər.

Bəxtiyar Vahabzadə

Qanlı Yanvar hadisələrindən 30 il keçdi. Azərbaycanın müasir tarixinə faciəli, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı ilin 20 yanvarı milli müstəqillik, azadlıq uğrunda mübarizənin, xalqın yenilməz iradəsinin rəmzinə çevrilib. Xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları o müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, şəhidlərin əziz xatirəsini qəlbində yaşadır.

Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış xalq kütlələrinin üzərinə sovet ordusunun  hərbi birləşmələrinin yeridilməsi misli görünməmiş faciəyə gətirib çıxardı. Lakin bu müdhiş qırğından sonra belə Azərbaycanın ovaxtkı səriştəsiz, kölə psixologiyalı başçılarının xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən yapışmaqda davam etdilər.

Onlardan fərqli olaraq, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Vaxtında dərindən araşdırılmayan və lazımi qiymətini almayan faciəyə yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundubu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 YanvarÜmumxalq Hüzn Günü elan edildi.

Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Faciənin otuzuncu ildönümü ilə əlaqədar Azərbaycanda və dünyanın müxtəlif ölkələrində silsilə anım mərasimləri, sərgilər, konfranslar keçirilir, bu qanlı qırğın, eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığı bütün dünyaya çatdırılır.

Prezident İlham Əliyevin 2019-cu il dekabrın 13-də imzaladığı 20 Yanvarın otuzuncu ildönümü haqqında sərəncamda bu faciənin Azərbaycan xalqının müstəqillik mübarizəsində yerirolu xüsusi vurğulanır. Sərəncamda deyilir: “1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar”.

Yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər.

Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səslənib.

Şəhidlər xiyabanına ümumxalq ziyarətində dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər.

 

Mədəniyyət.- 2020.- 22 yanvar.- S.1;2.