Qan yaddaşımız musiqi əsərlərində

 

Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilən anım tədbiri keçirildi. Yanvarın 17-də gerçəkləşən tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

İttifaqın katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın tarixində əhəmiyyətindən danışdı. Qeyd etdi ki, 1990-cı il yanvarın 20-nə keçən gecə dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi, yaralanması totalitar sovet rejiminin cinayətkar mahiyyətini bir daha nümayiş etdirdi. 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk olunub. O müdhiş gecədə canından keçən Vətən oğulları müasir tariximizin qəhrəmanlarıdır. Şəhidlərin fədakarlığını yüksək dəyərləndirən ulu öndər Heydər Əliyev deyib: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü və gələcək nəsilləri şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq və vətənpərvərlik nümunələri göstərəcəklər....

Sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyevanın Azər Rzayevin Bakı 90 simfoniyası haqqında, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının Azərbaycan bəstəkarlarının yaradıcılığında şəhidlik mövzusu, musiqişünas Aysel Kəriminin 20 Yanvar hadisələrinin Azərbaycan mədəniyyətində təcəssümü mövzusunda məruzələri dinlənildi.

Qeyd olundu ki, ötən 30 il ərzində Azərbaycan bəstəkarları 20 Yanvar mövzusunda simfonik, vokal instrumental əsərlər, kantatalar, mahnılar və s. yazıblar. Cövdət Hacıyevin Şəhidlər simfoniyası, Azər Rzayevin Bakı 90, Ramiz Mustafayevin Bu qan yerdə qalan deyil, Aydın Əzim Kərimoğlunun Qətl günü, Sərdar Fərəcovun simfonik poema, Sevda İbrahimovanın bariton səs və orkestr üçün vokal-simfonik Vətən şəhidləri, Arif Mirzəyevin orqan üçün Yanvar mərsiyələri s. əsərlərdə faciənin ağrı-acısı əks olunur, şəhidlərin qəhrəmanlığı tərənnüm edilir.

Çıxışlardan sonra 20 Yanvar şəhidlərinin xatirəsinə ithaf olunmuş musiqili kompozisiya təqdim edildi. Kompozisiyada Azər Rzayevin Bakı 90 simfoniyası, Kamran Nəsirovun qoboypiano üçün Yanvar elegiyası, Şəmsəddin Qasımovun Şəhidlər mahnısı, Azad Zahidin Şəhidlər, Bayraqtəpə qartalları əsərləri səsləndirildi.

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 22 yanvar.- S.2.