Dünya paytaxtlarında Qara Yanvar mərasimləri

Moskva. Yanvarın 20-də Azərbaycanın Moskvadakı səfirliyində Qara Yanvar şəhidlərinin nurlu xatirəsi anılıb.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu matəm tədbirini açaraq, 30 illik tarixi olan hadisələrə qısa ekskurs edib. O vurğulayıb ki, bu faciəli tarix xalqımızın yaddaşına əbədi həkk olunub.

Rusiya Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri Leonid Slutski, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq Araşdırmalar İnstitutunun Postsovet Məkanı Araşdırmaları Mərkəzinin direktoru Stanislav Çernyavski, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar, Valday Klubunun eksperti Fərhad İbrahimov 1990-cı ilin Qanlı Yanvar hadisələrinin faciəli nəticələrindən, dünya ictimaiyyətinin hadisələrə reaksiyasından danışıblar. Onlar ümidvar olduqlarını bildiriblər ki, bu faciə bir daha heç yerdə təkrarlanmayacaq.

Xatirə gecəsi matəm konserti ilə başa çatıb. Ehsan verilib.

***

Brüssel. 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Belçikanın Paytaxt Regionunun Hərbi Komandanlığının iştirakı ilə Brüssel şəhərində yerləşən Konqres sütunu (Colonne du Congrès) memorial kompleksinin yanında dəfn olunmuş Naməlum əsgərin məzarı önündə anım mərasimi təşkil olunub. Bu memorial kompleks 1830-cu ildən etibarən Belçikanın ictimai dövlət tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulmuş əsas tarixi məkan kimi tanınır.

Mərasimdə Azərbaycan Prezidentinin köməkçisi Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev, ölkəmizin Belçikadakı səfirliyi və NATO yanında nümayəndəliyin əməkdaşları iştirak ediblər.

***

Daşkənd. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı anma mərasimi keçirilib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov tədbirdə çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, Qanlı Yanvar hadisələri nəhəng sovet imperiyasının son nəfəsi olub və məhz Bakıya qoşun yeridilməsindən sonra SSRİ-nin süqutu prosesi başlayıb.

Mərasimdə Özbəkistanın Əməkdar artisti, professor Fizruzə Abduraximovanın rəhbərliyi ilə Soqdiana xalq çalğı alətləri orkestrinin ifasında rekviyem-konsert təqdim olunub.

 

Mədəniyyət.- 2020.- 22 yanvar.- S.2.