“30 ilin ağrısı”

 

 

 

Dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş “30 ilin ağrısı” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə muzeyin direktoru, Xalq artisti, bəstəkar Sərdar Fərəcov açaraq xalqımızın qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən danışıb. Bildirib ki, hər il xalqımızın qan yaddaşının səhifələri müxtəlif təşkilatlarda, mədəniyyət, elm, təhsil ocaqlarında həm də ona görə qeyd edilir ki, bu faciənin şahidi olmayan gənclərimiz, yeniyetmələrimiz vətənimizin tarixini unutmasınlar.

Tədbirdə iştirak edən “Aytam” Uşaqların Mədəni-Maarifləndirilməsi İctimai Birliyinin rəhbəri Aygün Zamanlı, Nərimanov rayonu 45 saylı orta məktəbin tarix müəllimi Sevil Məmmədova ürək sözlərini bildiriblər. Vurğulanıb ki, xalqımızın bu faciəsinin bir daha təkrarlanmaması üçün gənc nəsil daha mütəşəkkil, daha təəssübkeş olmalıdır.

Çıxışlardan sonra 45 saylı orta məktəbin şagirdləri 20 Yanvar şəhidlərinin xatirələrinə həsr olunmuş şeirlər söyləyiblər. Fidan Heydərova 25 saylı Musiqi məktəbinin şagirdi Əli Vahidovun royalda müşayiəti ilə “Sarı gəlin” xalq mahnısını Azərbaycan və ingilis dillərində oxuyub. Həmçinin royalda Süleyman Ələsgərovun “Vətənimdir” romansı səsləndirilib.

Tədbirdən sonra iştirakçılar Üzeyir Hacıbəylinin ev-muzeyinin ekspozisiya otaqları ilə tanış olublar. Sonda xatirə şəkli çəkdirilib.

 

Mədəniyyət.- 2020.- 22 yanvar.- S.2.