“Azadlıq aşiqləri günü

 

20 Yanvara həsr olunan rəsm müsabiqəsinə yekun vurulub

 

Xətai Sənət Mərkəzində “Azadlıq aşiqləri günü – 20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinə yekun vurulub. Müsabiqə Mədəniyyət Nazirliyi, “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Yanvarın 17-də müsabiqənin yekun sərgisi keçirildi.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov müsabiqə haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, müsabiqəyə respublikanın müxtəlif guşələrindən 400-ə yaxın uşaq 600-ə qədər əsəri ilə virtual qaydada (rəsmlərin fotolarını göndərməklə) qatılıb. 210 uşağın hər birinin 1 əl işi  sərgilənmək üçün seçilib.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov Azərbaycan xalqının yaxın tarixinin şanlı və unudulmaz səhifələrindən birinin də 20 Yanvar faciəsi olduğunu bildirdi. Dedi ki, 1990-cı il yanvarın 20-dən, o qanlı şənbə gecəsindən sonra da xalqımız qorxmadan küçələrə axışaraq müqəddəs yolda qurban gedən Vətən övladlarını izdihamla son mənzilə yola saldı: “20 Yanvar eyni zamanda qüruriftixar günüdür. Çünki o hadisə milli düşüncəmizdə dəyişikliyə səbəb oldu, xalqımız milli azadlıq yoluna çıxdı. Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini heç zaman unutmayacaq”.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimovXalq rəssamı Arif Hüseynov çıxış edərək müsabiqə və sərginin əhəmiyyətini qeyd edib bu işdə əməyi olan hər kəsə təşəkkürlərini bildirdilər.

Tədbirin sonunda sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri isə təşəkkürnamə ilə təltif olundu.

Qeyd edək ki, müsabiqədə seçim 5-17 yaş kateqoriyası üzrə aparılıb. Müsabiqədə Lənkəran şəhər Uşaq rəssamlıq məktəbi, H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzi, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin Rəssamlıq şöbəsi, 4 nömrəli Uşaq incəsənət məktəbi, “Ümman” qadın və uşaq klubu, Qazax Dövlət Rəsm Qalereyası, Qax rayon Uşaq incəsənət məktəbi, digər məktəb və rəssamlıq dərnəkləri xüsusi fəallıq göstəriblər.

 

N.MƏMMƏDLİ

 

Mədəniyyət.- 2020.- 22 yanvar.- S.3.