20 Yanvarla bağlı nəşrlərin təqdimatı

 

 

Yanvarın 17-də Milli Kitabxananda “20 Yanvarqan yaddaşımız” adlı broşürün və eyniadlı elektron məlumat bazasının təqdimatı keçirildi.

Mədəniyyət NazirliyiMilli Kitabxananın birgə təşkilatçılığı ilə, Qara Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə reallaşan tədbirdə həmçinin “20 Yanvarİctimai Birliyi tərəfindən nəşr olunmuş “Qalibiyyət qartalları” kitabı da təqdim olundu.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Sonra Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək faciənin tarixindən söz açdı. Bildirdi ki, 1990-cı il yanvar ayının 20-nə keçən gecə sovet ordu birləşmələrinin Bakıda törətdiyi qanlı faciənin hər ildönümündə ölkəmizdə və xaricdə müxtəlif anım tədbirləri təşkil olunur.

Direktor qeyd etdi ki, 20 yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı-acı ilə deyil, həm də qürur və şərəf günü kimi xatırlanır: “Xalqımız həmin gün üstünə şığıyan qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr sübut etdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin, ölkənin ərazi bütövlüyünün qorunması uğrunda ölüm-dirim mübarizəsi aparmağa qadirdir”.

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxışında dedi ki, 20 Yanvar faciəsi xalqımızın milli iradəsini, azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən övladları müstəqilliyimizə yol açdılar. Ona görə də 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir.

Bildirildi ki, hər il Milli Kitabxanada Qanlı Yanvar haqqında tarixi həqiqətləri ölkə və dünya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif tədbirlər, o cümlədən kitab sərgiləri, təqdimatlar, film nümayişləri keçirilir. Faciənin 30-cu ildönümü ilə bağlı kitabxananın saytında “20 Yanvarqan yaddaşımız” adlı elektron məlumat bazası yerləşdirilib.

Daha sonra 20 Yanvar şəhidləri haqqında qısa videofilm nümayiş olundu, şeirlər söylənildi.

Sonda tədbir iştirakçıları faciəyə həsr edilən elektron məlumat bazası ilə tanış oldular.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2020.- 22 yanvar.- S.3.