Bitməyən acı

 

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 20 Yanvar faciəsinin qurbanları yad edilib. Məktəbdə keçirilən Bitməyən acı adlı anım tədbirində Rəssamlıq şöbəsi şagirdlərinin əl işlərindən ibarət sərgi də təqdim olunub.

Məktəbin direktoru Əziz Qarayusifli, müəllimlər Məsumə Kərimova, Pərvin Səfərli, Sevinc Kərimova, Fəridə Məmmədzadə, musiqişünas Nərgiz Kərimova müxtəlif nəsillərin təmsilçisi kimi çıxış edərək faciə haqqında fikirlərini bölüşüblər.

Müəllim və şagirdlərin ifasında səslənən həzin musiqi nömrələri Segah muğamı, V.Adıgözəlovun Qərənfil, İnsan məskən salır filmindən Qara Qarayevin musiqisi, Sərdar Fərəcovun Unutma, Cahangir Cahangirovun Bayatılar əsərləri, məktəbin Alov və Səbinə rəqs kollektivlərinin kompozisiyaları tədbiri daha təsirli edib.

Qərənfil və şamlar düzülmüş səhnədəki çıxışlar, Şəhidlər xiyabanında müəllim və şagirdlərin iştirakı ilə çəkilən kadrlardan bir film kimi hazırlanan anım tədbiri maraqla qarşılanıb.

Tədbirdə 20 Yanvar şəhidlərinin ailə üzvləri, Mədəniyyət Nazirliyinin sektor müdiri Yaşar Hüseynli, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Xalq artisti, bəstəkar Sərdar Fərəcov, Əməkdar artist Aybəniz Haşımova, musiqi və incəsənət məktəblərinin direktorları qonaq qismində iştirak ediblər. Sonda qonaqlar çıxış edərək tədbir haqqında ürək sözlərini söyləyiblər.

 

Mədəniyyət.- 2020.- 22 yanvar.- S.5.