Silahdaşlar” sənədli filmi nümayiş olundu

 

 

Yanvarın 17-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

Tədbirdə öncə 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Anım tədbirində “Silahdaşlar” sənədli filminin təqdimatı oldu.

Filmin rejissoru, Əməkdar incəsənət xadimi Nizami Abbas ekran əsərinin ərsəyə gəlməsindən danışdı. O, 1990-cı ilin Qara Yanvarından 30 il keçməsinə baxmayaraq, həmin hadisələrin sanki dünən baş verdiyini və xatirələrdə əbədi yaşayacağını dedi.

Qeyd edildi ki, filmin müəllifləri kino işçilərinin Qanlı Yanvar hadisələri zamanı hansı şəraitdə işlədiklərini göstərmək istəyiblər. Ekran əsərində 20 Yanvar faciəsindən əvvəl və sonra baş verən hadisələr öz əksini tapıb.

Daha sonra “Salnaməfilm” studiyasında ekranlaşdırılan “Silahdaşlar” sənədli filmi nümayiş olundu.

Ekran əsəri 1990-cı il 20 Yanvar hadisələrini lentə alan kino işçilərinin fədakarlığından bəhs edir. Ssenari müəllifi Xalq artisti Ramiz Fətəliyev olan filmdə 20 Yanvarın Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olduğu vurğulanır.

 

FARİZ

 

Mədəniyyət.- 2020.- 22 yanvar.- S.5.