Şifahi ənənəli Azərbaycan musiqisi kitabının təqdimatı

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə AMEA Folklor İnstitutunun Şifahi ənənəli Azərbaycan musiqisi (I və II cildlər) kitabının təqdimatı olub.

Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov açaraq kitabın əhəmiyyətindən söz açıb.

Bildirib ki, şifahi ənənəli Azərbaycan musiqisi və rəqslərinə həsr olunmuş bu kitabda toplanan nümunələr təkcə Şimali Azərbaycan ərazisi ilə məhdudlaşmır: Çalışmışıq ki, kitaba daxil edilən unudulmuş nümunələr - xalq sənəti və mədəniyyət nümunələri həm də Cənubi Azərbaycan, Dağıstan, hətta İraq türkmənlərının yaşadıqları müxtəlif coğrafiyalardan olsun. Nəticədə unudulmuş xalq musiqisi və rəqslərinin toplandığı belə bir dəyərli kitab işıq üzü görüb. Şifahi ənənəli Azərbaycan musiqisi kitabının I cildi Təsniflər və mahnılar, II cildi isə Rəqslər adlanır. Direktor həmçinin diqqətə çatdırıb ki, Folklor İnstitutunun Mədəniyyət Nazirliyi, Aşiqlar Birliyi ilə yaxın əlaqələri var. Habelə son illər Beynəlxalq Muğam Mərkəzi ilə sıx əlaqələrimizi xüsusi olaraq qeyd etmək istəyirəm. Beynəlxalq Muğam Mərkəzi ilə birgə müntəzəm olaraq bir çox silsilə tədbirləri keçirərək bu əlaqələrin daha da möhkəmləndirilməsinə nail olduq. Bundan məmnunluq hissi duyuruq. Folklor İnstitutunun kollektivi adından bu əlaqələrin möhkəmlənməsində mühüm rolu olan Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynova təşəkkürümü bildirirəm.

Folklor İnsitutunun Musiqi folkloru şöbəsinin müdiri Nailə Rəhimbəyli çıxış edərək bildirib ki, Azərbaycan xalq musiqisinin toplanılması və nota salınması son dövrlərdə aktual bir məsələ kimi hər zaman diqqət mərkəzində olub. Bu gün biz xalq musiqisinə, muğama göstərilən dövlət qayğısını, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqətini həmişə hiss edirik. Məhz bu diqqət və qayğıya görə N.Rəhimbəyli dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

 

Kitabın materiallarını toplayan və nota köçürən A.Zeynallı adına Musiqi Kollecinin müəllimi, tarzən Mehman Mikayılov bildirib ki, materialları 35 illik karyerası ərzində Türkiyə, İran İslam Respublikası, Hindistan, Türkmənistan, İraq (Kərkük) və digər ölkələrdə qastrol səfərlərdə olarkən toplayıb.

Tədbirdə Mehman Mikayılovun bədii rəhbərliyi ilə Milli Şərq ansamblının müşayiətində Əməkdar artist Nuriyyə Hüseynova, Xalq artistləri Gülyaz Məmmədova , Gülyanaq Məmmədova, Muğam müsabiqəsinin laureatı Xəyalə Qafarzadə, ustad xanəndə Sabir Abdullayev, Əməkdar artist Ruzə İbişovanın ifaları təqdim olunub, həmçinin Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında Alçagülü, Çəməni, Məxməri rəqsləri və Zəngilan yallısı da təqdim olunub.

 

Mədəniyyət.- 2020.- 22 yanvar.- S.7.