Unudulmaz ifaçının xatirə gecəsi

Yanvarın 23-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, instrumental ifaçı Vəli Qədimovun (1940-2009) 80 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi.

Beynəlxalq Muğam Mərkəzi və Mədəniyyət kanalının təşkilatçılığı gerçəkləşən tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı çıxış edərək musiqiçinin yaradıcılığından söz açdı.

Bildirdi ki, Vəli Qədimovun sənətkarlığının əsas mənbəyi onun istedadında idi. Uşaq yaşlarından klarnet çalmağa başlayan V.Qədimov 14 yaşında özfəaliyyət kollektivində yer almışdı. O, 1970-ci ildən tanınmış ansambllarda ifa edirdi. Əməkdar artist Baba Salahovun, SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ansambllarında aparıcı solist idi. Onun ifasında Azərbaycan musiqisi müxtəlif ölkələrdə səslənib və alqışlarla qarşılanıb. Sənətkarlığı yüksək qiymətləndirilən V.Qədimov 1980-ci ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Gecədə xalq artistləri Aftandil İsrafilov, Fikrət Verdiyev, Sadıq Zərbəliyev, Ramiz Quliyev, Zamiq Əliyev sənətkarla bağlı xatirələrini bölüşdülər. Vurğulandı ki, V.Qədimov xalqın sevimlisinə çevrilənədək sənət yolunda fədakarlıq göstərib, Zeynəb Xanlarova ilə uzun illər çiyin-çiyinə çalışıb.

Çıxışlardan sonra sənətkarın lent yazılarından müxtəlif musiqi nömrələri təqdim olundu. Həmçinin tanınmış xanəndələr xatirələrini bölüşərək vaxtilə sənətkarın müşayiəti ilə səslənən musiqi parçalarını ifa etdilər. İfaçıları Azərbaycan TeleviziyaRadiosunun Əhsən Dadaşov adına Xatirə xalq çalğı alətləri ansamblı (bədii rəhbər Xalq artisti Adil Bağırov) müşayiət edirdi.

Tədbirin sonunda mərhum sənətkarın qızı Xalidə Qədimova çıxış edərək atasının xatirəsini əziz tutub yubileyə gələn qonaqlara və gecənin təşkilatçılarına təşəkkürünü bildirdi.

Xatirə gecəsi V.Qədimovun ifasında lentə alınmış Vağzalının sədaları ilə yekunlaşdı.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2020.- 24 yanvar.- S.1;2.