Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 110 illiyi ilə bağlı tədbir

Yanvarın 22-də Horadiz şəhərində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyi qeyd edilib. Füzuli Dövlət Dram Teatrında keçirilən tədbirdə N saylı hərbi hissənin əsgər və zabitləri iştirak edib.

Polkovnik Elşad Əbilov çıxış edərək İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının xidmətlərindən, azərbaycanlıların cəbhədə göstərdiyi misilsiz rəşadətdən danışıb. Bildirib ki, xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən xilas olması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir sərkərdə istedadı nümayiş etdirib və hərb salnaməsində yeni parlaq səhifələr açıb.

Natiq Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanovun ömürdöyüş yolundan bəhs edib. Bildirib ki, Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran rayonunun Gərmətük qəsəbəsində doğulub. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. Hərbi təhsildən sonra Kotovski adına III Bessarabiya süvari diviziyasında taqım komandiri təyin edilib.

Həzi Aslanov İkinci Dünya müharibəsində Volqaboyundan Baltik respublikalarınadək döyüşlərdə özünü bacarıqlı zabit kimi göstərib. 1942-ci il dekabrın 22-də Stalinqrad döyüşlərində göstərdiyi igidliyə görə 55-ci tank briqadasının komandiri H.Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilib. O, iki dəfə Qırmızı ulduz, üç dəfə Qırmızı bayraq, Aleksandr Nevski, 2-ci dərəcəli Suvorov, 1-ci dərəcəli Vətən müharibəsi ordenləri və medallarla təltif olunub. 1945-ci il yanvarın 24-də general Həzi Aslanov Latviyanın Liepay rayonunda zabitlərin müşayiəti ilə cəbhə xəttini yoxlayan zaman mina partlaması nəticəsində ağır yaralanıb və həyatla vidalaşıb. 1991-ci ildə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib. O, bu ada iki dəfə layiq görülən yeganə azərbaycanlıdır.

Füzuli Dövlət Dram Teatrının direktoru Vaqif Vəliyev çıxışında Azərbaycan xalqının cəsur oğlu Həzi Aslanovun anadan olmasının 110-cu ildönümü münasibətilə keçirilən tədbirlərin gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətini yüksək qiymətləndirib.

Sonra tədbir iştirakçıları Füzuli Dövlət Dram Teatrının Həzi Aslanovun 110 illiyi ilə əlaqədar hazırladığı Qafqaz dağlarından boylanan günəş adlı poetik xalq tamaşasına baxıblar.

Əməkdar artist Asif Şirinovun quruluş verdiyi səhnə əsərinin quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Xurşud Babayeva və başqaları çıxış ediblər.

Həzi Aslanovun keçdiyi şərəfli ömürdöyüş yolundan bəhs edən tamaşa əsgər və zabitlər tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2020.- 24 yanvar.- S.3.