Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna ziyarətçi marağı artır

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ərazisinə rayonun QaraçayCovurlu çayları arasındakı şimal-cənub istiqamətində uzanan yüksək yaylalar daxildir.

Eramızdan əvvəl IV əsrdən eramızın V əsrinədək – doqquz əsr Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin qalıqlarının olduğu bu ərazi arxeoloji tədqiqatların aparılması baxımından, həmçinin mədəniyyət və turizmin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Ümumilikdə 420 hektar ərazini əhatə edən qoruq üç tarixi məkandan – Antik şəhər yeri, Səlbir və Qala ərazilərindən ibarətdir.

Qoruğun direktoru Zahir Kərimov bildirib ki, bu tarixi ərazidə kəşfiyyat xarakterli ilk arxeoloji qazıntılar 1926-cı ildə arxeoloq Davud Şərifovun rəhbərliyi altında aparılıb. Arxeoloji tədqiqatlar 1945-1946-cı illərdə arxeoloq Saleh Qazıyev tərəfindən davam etdirilib. 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası tərəfindən Saleh Qazıyevin rəhbərliyi altında Qəbələ arxeoloji ekspedisiyası yaradılıb. 1990-cı ilədək olan dövrdə arxeoloji ekspedisiyanın tərkibində Firudin Qədirov, Qara Əhmədov, İlyas Babayev, Qafar Cəbiyev və digər arxeoloqlar tərəfindən qoruq ərazisində işlər davam etdirilib.

Direktorun sözlərinə görə, uzun fasilədən sonra – 2005-ci ildən etibarən SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun arxeoloqları, 2009-cu ildən isə Cənubi Koreyadan olan mütəxəssislərin birgə fəaliyyəti ilə qoruq ərazisində arxeoloji qazıntılar yenidən başlayıb. Aşkar edilən arxeoloji tapıntıların üzəri konservasiya olunub, məlumat lövhələri quraşdırılıb, qoruq ərazisində müasir tələblərə cavab verən Qəbələ Arxeoloji Mərkəzi tikilib istifadəyə verilib. Prezident İlham Əliyev 2014-cü ildə Qəbələyə səfəri zamanı Arxeoloji Mərkəzin rəsmi açılışını edib.

Arxeoloji Mərkəz iki sərgi salonu (muzey), müasir tipli bərpa laboratoriyası, konfrans zalı, kitabxana, arxeoloji fond və yardımçı otaqlardan ibarətdir. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri qeydiyyata alınaraq mərkəzin fonduna təhvil verilir və sərgi salonunda ziyarətçilərə nümayiş etdirilir. Bura gələn xariciyerli turistlər, qonaqlar qoruq ərazisində aparılmış arxeoloji qazıntı işləri ilə, mərkəzdə sərgilənən materiallarla yaxından tanış olurlar. Qoruğun direktoru bildirib ki, dövlətimizin başçısı tərəfindən 2020-ci ilin “Könüllülər ilielan edilməsi ilə əlaqədar bu işlərə könüllülər də cəlb edilərək, onlara Azərbaycan, rusingilis dillərində nəzəri və praktiki məşğələlər tədris edilir.

Onu da qeyd edək ki, Qəbələ etnoqrafik ekspedisiyasının fəaliyyətinin nəticəsi olaraq bu yaxınlarda “Qəbələ tarixi”, “Qəbələ etnoqrafiyası” və “Qəbələ folkloru” kitablarından ibarət toplu üç dildə (Azərbaycan, rus, ingilis) nəşr olunaraq oxuculara təqdim olunub. Rayonun turizm bölgəsi olduğu əsas götürülərək qoruq tərəfindən turizm şirkətləri ilə əlaqələr qurulur. Tarixi ərazini ziyarət edənlər  üçün göl kənarında dincəlmək, balıq ovu, atla, həmçinin faytonla gəzinti, müxtəlif idman oyunları, azyaşlı uşaqların əyləncəsi üçün rəsm və rəngləmə dərsləri, mütaliə etmək istəyənlər üçün kitabxana xidməti və  s. imkanlar yaradılıb.

 

Mədəniyyət.- 2020.- 24 yanvar.- S.4.