Nəsillərə örnək həyat və döyüş yolu

 

Həzi Aslanovun 110 illik yubileyi ilə bağlı tədbirlər

 

Lənkəran şəhərində görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 illiyi qeyd olunub.

Həzi Aslanovun ev-muzeyində keçirilən tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli çıxış edərək bildirib ki, xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdiribonun şücaəti bu gün Azərbaycan Ordusunun şəxsi heyəti üçün qəhrəmanlıq nümunəsidir.

Rayon Ağsaqqallar Şurasının sədri Sərhad Məmmədov da böyük sərkərdənin müharibədə göstərdiyi igidliklərdən danışıb.

Sonra ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Qonaqlar Həzi Aslanovun ev-muzeyi ilə tanış olublar.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanasında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar “Yaddaşlarda yaşayan qəhrəman” adlı tədbir təşkil edib.

MKS-nin direktoru Saməddin Nəsirov, kitabxananın əməkdaşları Rübabə Hacıbəyova, Faiq Əliyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon filialının sədri Yusif Nöhbalayev çıxış edərək igid sərkərdənin nəsillərə örnək həyat və döyüş yolundan söz açıblar.

 

Mədəniyyət.- 2020.- 29 yanvar.- S.6.