Zəlimxan Yaqubun 70 illiyi doğma kəndində qeyd olunub

Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun 70 illik yubileyi qeyd edilib.

Tədbirdə el ağsaqqalı Ramiz Bəkirov, Gürcüstan Parlamentinin deputatı Qoqi Meşveliani, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsak Novruzov şairin yaradıcılığından söz açıblar. Qeyd edilib ki, Zəlimxan Yaqub poeziya aləminə gəldiyi gündən oxucu sevgisi qazanıb və ədəbi ictimaiyyətin diqqət mərkəzində olub.

Ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərindən danışıb, mədəni əlaqələrimizin inkişafında söz, sənət adamlarının rolunu xüsusi qeyd edib. Bildirib ki, Z.Yaqub Gürcüstanda doğulub boya-başa çatdıqdan sonra Azərbaycanda ali təhsil alıb. Yaradıcılığının böyük bir hissəsi Azərbaycan ilə bağlı olsa da, Gürcüstanı heç vaxt unutmayıb. Ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında onun mühüm xidmətləri olub. Şairin bu xidmətləri yüksək qiymətləndirilib, o, Azərbaycanın Şöhrət və Gürcüstanın Şərəf ordenləri ilə təltif olunub.

Sonra Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu, Gürcüstan Yazıçılar Birliyinin sədri Bağatur Arabuli, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov və başqaları Z.Yaqubun yaradıcılığından bəhs ediblər, onun ictimai xadim kimi də fəaliyyətini yüksək dəyərləndiriblər.

Bildirilib ki, Kəpənəkçi kəndində Zəlimxan Yaqubun adına Yaradıcılıq evi açılacaq, şeirləri gürcü dilinə tərcümə edilərək nəşr olunacaq.

Aşıqlar Nargilə Mehdiyeva və Həvəskar Qurbanov şairin şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər.

Şairin ailəsi adından çıxış edən Çingizxan Yaqubov qardaşına verilən yüksək qiymətə görə Azərbaycanın və Gürcüstanın dövlət başçılarına, eləcə də tədbir iştirakçılarına minnətdarlıq edib.

Tədbirdə Marneuli rayonunun meri Zaur Darğallı, MarneuliBolnisi rayonlarının ziyalıları iştirak ediblər.

 

Mədəniyyət.- 2020.- 29 yanvar.- S.6.