Musiqi körpüsü sənət irsimizi Amerikada təbliğ edir

Azərbaycan-Amerika Musiqi Fondu (AAMF) Şimali Amerika ilə Azərbaycan arasında mədəniyyətlərarası münasibətlər və musiqi körpülərinin qurulmasına öz töhfələrini verməkdə davam edir. Fondun təsisçisi və icraçı direktoru Cəmilə Cavadova-Spitsberqin sözlərinə görə, qurumun əsas missiyası klassik Azərbaycan musiqisini ABŞ-da, Amerika musiqisini isə Azərbaycanda təbliğ etməkdir.

AAMF tanınmış musiqiçilərin iştirakı ilə yanvarın 19-dan 23-dək Musiqi körpüsü adlı silsilə konsert proqramları təşkil edib. Azərbaycanı proqramda pianoçu Humay Qasımzadə təmsil edib. O, Nyu-Yorkdakı Manhetten Musiqi məktəbinin məzunudur, hazırda Ohayo ştatında Bowling Green Universitetində müasir fortepiano ifaçılığı üzrə doktorluq dərəcəsi üzərində işləyir. Konsertin iştirakçısı amerikalı Vilyam Heyter məşhur klarnet ifaçısı, Viçita-Fols şəhərində (Texas ştatı) Orta Qərb Universiteti nəzdində musiqi kafedrasının dosentidir.

Konsertlərin birinci hissəsində klassikavanqard Amerika musiqisi müəlliflərinin əsərləri Elliot Karterin Caténaires, Corc Krambın Makrokosmos, David Loebin Sonata Lirica, Kevin Deyin Gymnopédie əsərləri təqdim edilib.

İkinci hissədə dinləyicilər Azərbaycan klassiklərinin əsərləri ilə tanış olublar.

Qara Qarayevin İldırımlı yollarla baletindən Vals və Xəyyam Mirzəzadənin fortepiano pyesi ifa olunub.

Musiqi körpüsü konsertlər proqramında gənc Azərbaycan bəstəkarı Türkər Qasımzadənin də əsərləri səslənib. Onun məxsusi olaraq bu proqram üçün yazdığı klarnetfortepiano üçün Seen when night is silent (Sakit gecədə görünür) pyesi Humay Qasımzadə-Vilyam Heyter duetinə həsr olunub. T.Qasımzadə ingilis-amerikan mənşəli şair U.H.Odenin poeziyasından bəhrələnərək hər iki musiqi aləti üçün müasir ifaçılıq texnikasını, o cümlədən fortepiano simlərinin səsinin alınması, metal cihazlarda çalma, multi-fonika texnikasını özündə birləşdirən əsər yaradıb.

Musiqi körpüsü konsertləri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Arlinqtondakı (Texas ştatı) Birinci birləşmiş metodist kilsəsində, Stivenvilldəki (Texas) Tarleton Dövlət Universitetində, Viçito-Folsdakı Orta Qərb Dövlət Universitetində keçirilib.

 

Mədəniyyət.- 2020.- 29 yanvar.- S.8.