Azərbaycan tərəfindən İSESCO-ya bir neçə yeni layihə təqdim edilib

 

Təşkilatın baş direktoru Bakıya səfər edəcək

 

Azərbaycan Respublikasının İSESCO üzrə Milli Komissiyasının katibi, Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə İSESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Görüşdə Salim əl-Malikin Bakıya rəsmi səfərə dəvət olunması, səfərlə bağlı proqramın hazırlanması, eləcə də Azərbaycan-İSESCO əlaqələri, əməkdaşlığın vəziyyəti, elm, təhsil və mədəniyyət sahələrində həyata keçiriləcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

Vasif Eyvazzadə baş direktora Mədəniyyət naziri, Azərbaycan Respublikasının İSESCO üzrə Milli Komissiyasının sədri Əbülfəs Qarayevin salamlarını çatdıraraq ölkəmizin təşkilatla əlaqələrə böyük önəm verdiyini, Prezident İlham Əliyev və Birinci vitse-prezident, İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın bu əməkdaşlığı daim dəstəklədiyini vurğulayıb.

Vasif Eyvazzadə həmçinin Azərbaycanın İSESCO tərəfindən həyata keçirilən bir sıra layihə və beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirərək qeyd edib ki, İSESCO Bakı Prosesinin əsas tərəfdaşlarından biridir.

Salim əl-Malik Azərbaycan rəhbərliyinin İSESCO ilə əlaqələrə, həmçinin ölkəmizin İslam dünyasında roluna xüsusi diqqət ayırması barədə məlumatlı olduğunu və Bakıya səfəri zamanı keçirəcəyi görüşləri səbirsizliklə gözlədiyini bildirib. Baş direktor həmçinin İSESCO-dakı yeniliklər, struktur dəyişikliyi, yeni layihələr və digər məsələlər barədə ətraflı məlumat verib.

Görüşdə baş direktora Azərbaycan tərəfindən bir neçə yeni layihə təqdim edilib. Layihələr arasında İSESCO ilə birgə Lunchpad proqramının və təşkilat çərçivəsində İslam dünyası üçün Yaradıcı şəhərlərproqramının həyata keçirilməsi də var. Lunchpad proqramı kitabxanalarda mentor proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Baş direktor layihələrin nəzərdən keçiriləcəyini və bununla bağlı yaxın zamanda Azərbaycan tərəfinə mövqe bildiriləcəyini deyib.

Görüşdə həmçinin İcraiyyə Şurasının 40-cı sessiyası çərçivəsində qəbul olunan yeni qərarlar, Məşvərət Şurasının və İnkişaf Fondunun yaradılması və bu fondun gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

 

Mədəniyyət.- 2020.- 31 yanvar.- S.2.