Ömür dönür bayram olur illərin qanadında...”

 

 

 

Bu gün hər kəs etiraf edər ki, Azərbaycan muğam sənəti özünün yeni intibah dövrünü yaşayır. Bu sənətin belə sistemli təbliği və inkişafında, sözsüz ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var.

Fond yarandığı gündən Azərbaycan muğam sənətinə məxsusi diqqət ayırıb. “Qarabağ xanəndələri” muğam toplusunun çap olunması, muğam gecələrinin təşkil olunması, xüsusilə ənənəvi Muğam televiziya müsabiqələri bu sahədə böyük işlərin bir hissəsidir. Bundan əlavə, Bakıda Beynəlxalq Muğam Mərkəzinin, Ağcabədi, Füzuli, Ağdam və Sumqayıtda muğam mərkəzlərinin tikilib istifadəyə verilməsi ulu sənətin inkişafına dövlət qayğısının bariz nümunəsidir.

Beynəlxalq Muğam Mərkəzi tərəfindən bu sənətin təbliği ilə əlaqədar çeşidli tədbirlər və müxtəlif layihələr həyata keçirilir. Bu layihələrdən bir çoxunun ərsəyə gəlməsində şair-publisist, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının da xidmətləri var. O, son dövr yaradıcılığını məhz muğam sənətinin araşdırılmasına həsr edib. Mərkəzin “Unudulmayanlar” və “Dəyirmi masa” layihələrinin koordinatoru olan tədqiqatçı-alim görkəmli xanəndələr, ifaçılar haqqında oçerk, məqalə və kitabların müəllifidir.

Uzun illər öncə Xalq artisti, xanəndə Arif Babayev haqqında povest qələmə alan publisist daha sonra Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi olan Bülbülcan, unudulmaz qarmon ifaçısı Kor Əhəd haqqında kitablara imza atıb. O həm də görkəmli muğam ifaçıları haqqında radiooçerklərin müəllifi kimi tanınır. 40 ildən çoxdur ədəbiyyat və mədəniyyət sahəsi ilə yaxından maraqlanan, xanəndələrin yaxın dostu olan Gülhüseyn müəllim 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində dünyaya gəlib. Azərbaycan Pedaqoji İnstitutunu, Bakı Ali Partiya Məktəbini, Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını və Bakı Biznes Universitetini bitirib, uzun illər dövlət qulluğunda çalışıb. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olan tədqiqatçı heç vaxt ədəbiyyat və musiqidən aralı düşməyib. “Vətən sevgisi” (1978), “Yollarda ömür” (1981), “Mənə inan” (1983), “İnsanın dərki” (1995), “Ümid yeri” (2003), “Heydər Əliyevin yadigarları” (2004) və s. kitabların müəllifidir. Şeirlərinə Azərbaycanın məşhur bəstəkarları 30-dan çox mahnı bəstələyib. Bu nəğmələr görkəmli müğənnilərin ifasında dinləyicilərin qəlbini oxşayır.

***

Fevral ayının 4-də Gülhüseyn Kazımlının 70 yaşı tamam olur. Tədqiqatçının sənət dostları yubiley münasibətilə ona ürək sözlərini ünvanladılar.

Xalq artisti Mənsum İbrahimov: “Biz Beynəlxalq Muğam Mərkəzində dəfələrlə birlikdə tədbirlərdə olmuşuq. O, yüksək daxili mədəniyyəti və özünün musiqiyə xüsusi münasibəti ilə seçilir. Muğam ifaçılarının xatirə gecələrinin aparıcısı olaraq o hər zaman axtarışdadır. Gülhüseyn müəllim hər bir sənətkara fərdi yanaşaraq tamaşaçının gözü qarşısında onların portretini yaradır. Həmin ifaçılarla bağlı tədqiqatlar aparır, lazım gələrsə, qonşu ölkələrin arxivlərinə belə baş çəkir. Onun məlumatı özünəməxsus ötürmə bacarığı var”.

Əməkdar artist Elçin Həşimov: “Gülhüseyn müəllimin özünəməxsus yumoru, yol yoldaşlığı, təşkilatçılığı var. Biz bir neçə dəfə onunla səfərdə olmuşuq. Çox qayğıkeş, böyüklə böyük, kiçiklə kiçik kimi davranan insandır. Ədəbiyyatı çox sevir, musiqi sahəsində maraqlı bilikləri və xatirələri var. O, dövlət işindən təqaüdə çıxandan sonra sanki özünü musiqidə, muğamda tapıb və yorulmadan bu sahədə fəaliyyətdədir”.

Xalq artisti Teyyub Aslanov: “Gülhüseyn Kazımlı musiqi və sənətə dəyər verən insanlardandır. O, muğam ifaçılarımıza həsr olunan gecələrin aparıcısı kimi korifey sənətkarlar haqqında maraqlı faktları üzə çıxarır. İşini sevən, hər bir tədbirin uğurlu alınması üçün son anadək çalışan Gülhüseyn müəllim həm də ifaçıların repertuarına gözəl bələd olan dinləyicidir. Gənc ifaçılara xüsusi diqqəti var”.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi: “Mütəmadi olaraq Gülhüseyn Kazımlı ilə korifey muğam ifaçılarına həsr olunmuş tədbirlərdə birgə çalışırıq. O, Azərbaycan muğam sənətinin təbliğatında əvəzsiz yeri olan insanlardandır. Bu işə bir vətəndaş kimi ürəklə, sevgi ilə yanaşır. Muğam sənətimizin keçmişi, qədim dövrün muğam ustalarının həyat və yaradıcılığının araşdırılması, muğamın həm ölkəmizdə, həm də xaricdə təbliği üzərində çox aktiv çalışır. İçində elə bir muğam ehtirası var ki, onu rahat buraxmır və daim fəaliyyətə sövq edir. Beynəlxalq Muğam Mərkəzində onun çoxsaylı maraqlı layihələri ərsəyə gəlib və muğamsevərlər tərəfindən rəğbətlə qarşılanıb”.

Xalq artisti Möhlət Müslümov: “Gülhüseyn Kazımlını 1975-ci ildən tanıyıram. Gülhüseyn müəllim, hər şeydən öncə ziyalılığı ilə seçilən insandır. O, gözəl şair-publisist olmaqla yanaşı, ruhən incəsənətə yaxındır. Onun hazırda aparıcısı olduğuUnudulmayanlar” layihəsini çox nəfis şəkildə təqdim etməsi biz musiqi ictimaiyyətini çox sevindirir. Gülhüseyn müəllimin 70 illiyidir deyiləndə gözümün önündə elə 25 yaşlı Gülhüseyn canlandı. Cavanlığının şuxluğunu bu gün də saxlayıb. Tükənməz enerjisini bizə öz kitabları və məqalələri ilə nümayiş etdirir. Gözəl ailə başçısı olan dostuma cansağlığı və işlərində uğurlar arzulayıram”.

Gülhüseyn müəllim bir şeirində “Ömür dönür bayram olur illərin qanadında” deyir. Ömürdən gedən hər ili, yaş üstünə gələn yaşı bayram hesab edib nikbin duyğularla qarşılayan yubilyarı 70 yaşı münasibətilə “Mədəniyyət” qəzetinin kollektivi adından təbrik edir, yorulmaz fəaliyyətində uğurlar arzulayırıq!

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2020.- 31 yanvar.- S.5.