Yubilyara həsr edilmiş konsert

 

Yanvarın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında tanınmış fleyta ifaçısı, Xalq artisti, professor Müzəffər Ağamalızadənin anadan olmasının 80 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub.

Əvvəlcə yubilyarın həyat və fəaliyyəti haqqında məlumat verilib, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri vurğulanıb.

Bildirilib ki, 1940-cı il yanvarın 23-də Bakıda anadan olan Müzəffər Ağamalızadə 1958-ci ildə Azərbaycan Dövlət OperaBalet Teatrının simfonik orkestrində  ifaçılığa başlayıb. 1961-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, 1970-ci ildən nəfəs alətləri kvintetinin ifaçısı olub. 1972-ci ildən Azərbaycan Dövlət Kamera Orkestrində də çalışıb.

Sənətkar 1975–1978-ci illərdə Əlcəzair Dövlət Konservatoriyasında dərs deyib, həmçinin orkestrdə solist kimi çalışıb. M.Ağamalızadə 1992–2002-ci illərdə Türkiyədə universitet orkestrində də solistpedaqoq olaraq çalışıb. Hazırda o, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında fəaliyyət göstərir.

Sonra konsert proqramı təqdim olunub. Konsertdə gənc solistləri Mustafa Mehmandarovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

 

Mədəniyyət.- 2020.- 31 yanvar.- S.3.