Fədakar müəllim və ədib

 

 

 

XIX əsrin sonu – XX əsrin birinci yarısında Azərbaycan maarifçiliyinin inkişafında rolu olan ziyalılar arasında fədakar müəllim və şair, ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü Hacı Kərim Sanılının adı hörmətlə çəkilir.

Hacı Kərim Hüseyn oğlu Saniyev (Sanılı) 1878-ci ildə Qazax qəzasının Çaylı-Kəsəmən kəndində dünyaya göz açıb. İbtidai təhsilini mollaxanada aldıqdan sonra Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına qəbul olunur. 1898-ci ildə təhsilini uğurla başa vurub, Gəncə quberniyasının Zəngəzur qəzasına təyinat alır və bir müddət Xaçmaz kəndində müəllim işləyir.

1902-1904-cü illərdə Gəncə şəhərindəki rus-tatar məktəbində müəllimlik fəaliyyətini davam etdirən H.K.Sanılı doğulduğu Çaylıda, habelə Poylu, Dağ Kəsəmən kəndlərində müəllim və müdir olur. O, maarifçiliklə yanaşı, ictimai-siyasi işlərə də maraq göstərir. 1906-cı ildə Gəncədə ermənilərin “Daşnaksütyun” partiyasının terrorizminə qarşı mübarizə aparmaq üçün yaradılan “Difai” təşkilatına üzv olur, əhalinin hüquqlarının müdafiəsinə qalxır. Bütün bunlar hökumət dairələrinin diqqətini cəlb edir. Qafqaz Canişinliyinin göstərişi ilə onun evində axtarış aparılsa da, dövlət əleyhinə heç bir sənəd tapılmır. Ancaq buna baxmayaraq, 1906-cı ildə maarif xadimini həbs edirlər. Altı ay Tiflisdə həbsdə saxladıqdan sonra azad olunur.

H.K.Sanılı Qazax qəzasında maarif və mədəniyyətin inkişafı üçün çox zəhmətlərə qatlaşır. Bu sahədə xidmətlərinə görə III dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olunur. Qafqaz Təhsil Dairəsinin göndərişi ilə o, 1910-cu ilin yayında Sankt-Peterburq Müəllimlər İnstitutunun nəzdində açılan ələməyi kursuna ezam olunur. Rus inqilabçıları ilə yaxından tanış olduğu Sankt-Peterburq həyatı Sanılının ictimai-siyasi cəhətdən formalaşmasında mühüm rol oynayır. Qayıtdıqdan sonra müəllimliklə yanaşı, orta məktəblər üçün dərsliklər yazır...

H.K.Sanılı Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olubaktiv fəaliyyət göstərib. Latın qrafikalı yeni Azərbaycan əlifbasının yaradılmasında yaxından  iştirak edən H.K.Sanılı “Əlifba”, “Böyüklər üçün əlifba”, Ə.Seyidovla birgə “Türk əlifbası”, “Üçüncü il” və s. dərsliklərini tərtib edib.

Rus, fransız və fars dillərini də mükəmməl bilən maarifçi Cümhuriyyət süqut etdikdən sonra da müəllimlik fəaliyyətini davam etdirir. 1922-ci ildə Nəriman Nərimanovun təklifi ilə Bakıya köçür. Yeni Türk Əlifba Komitəsində Fərhad Ağazadə, Bəkir Çobanzadə, Xudadat bəy Məlikaslanov, Mirzə Cabbar Məhəmmədzadə, Hüseyn İsrafilbəyov, Mirzə Hüseyn Camalzadə, Vəli Xuluflu, İdris Həsənli, Mənsur Qurbanzadə ilə birgə çalışır. Savadsızlığı ləğvetmə kurslarında dərs deyir.

H.K.Sanılı sovet dövründə Azərbaycan İstehlak-Kooperasiya İnstitutunda, Sovet Ticarəti İnstitutunun nəzdindəki işçi fakültəsində müəllim, Bakıda 25 saylı orta məktəbdə rus dili müəllimi, “Yeni kənd” jurnalında məsul katib, Azərbaycan Kooperativ Məktəbləri Birliyində dərs hissə müdiri, Azərbaycan Sənaye İnstitutunda, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda elmi işçi və Bakı Xalq Maarifi Şöbəsində inspektor işləyib.

Bütün bunlarla yanaşı, bədii yaradıcılıqla da məşğul olan qələm sahibi əsərlərində şifahi xalq ədəbiyyatı ənənələrinə geniş yer verib. Araşdırmalardan məlum olur ki, müəllifin “Aran köçü”, “Namus davası”, “Zülmün sonu”, “NovruzGülara”, “Turut qaçaqları” poemaları maraqla qarşılanıb. Şairin kəndlilərin aran-yaylaq həyatından bəhs edən “Aran köçü” poeması 1924-cü ildə işıq üzü görüb. Şairin poemaları “Şərq qadını”, “Maarif və mədəniyyət”, “Yeni kənd”, “Kəndli qəzeti”, “Yeni yol”, “Kommunist” və s. jurnal və qəzetlərdə dərc olunub.

H.K.Sanılının “Muğan”, “Təzə mahnı”, “Azərbaycan xalqına”, “Əkinçilər”, “Rəssam Əzim Əzimzadə”, “Elm ocaqları” və s. şeirləri dilinin sadəliyi, axıcılığı seçilir. Dil məsələsinə çox ciddi yanaşan ədib 1934-cü ildə Azərbaycan yazıçılarının I qurultayında bu mövzu ilə əlaqədar çıxış edərkən öz dilini bəyənməyib, əcnəbi dildə danışanlara şeirlə müraciət edərək irad tutub.

Şairin yaradıcılığında qadın azadlığı mövzusu da xüsusi yer tutur. Onun “Xoş gəlir”, “Evdar qadınlara”, “Qadınlar günü”, “Kənd qızı” və s. şeirləri 1927-1928-ci illərdə “Şərq qadını” jurnalında dərc edilib. O, hər bir şeirində qadına cəmiyyətin bərabərhüquqlu üzvü kimi baxıb.

Akademik Nizami Cəfərov Hacı Kərim Sanılı ilə bağlı araşdırmasında yazır ki, şair Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində çıxışlarında da geniş xalq kütlələrinin mənafeyini bir ziyalı-maarifçi məsuliyyəti ilə müdafiə edib. Onun “Yeni şərqilər” kitabında (Bakı, 1919) iki “deyişmə” verilib: “Müsavat lideri Məhəmməd Əmin Rəsulzadə  ilə Səmədağa Ağamalı oğlunun Parlamanda deyişməsi” və “Parlamanda deyişmə (tapmaca)” – hər iki şeir 1918-ci ildə qələmə alınıb...

30-cu illər repressiyası Hacı Kərim Sanılıdan da yan keçmir. 3 iyun 1937-ci ildə vətənə xəyanətdə ittiham edilərək həbs olunur. İki aya yaxın ölüm kamerasında ağır işgəncələrə məruz qalaraq vəfat edir. Repressiya qurbanı olan bir çox ziyalılar kimi onun da dəfn olunduğu yer məlum deyil.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 31 yanvar.- S.6.