Heykəltəraşlıq sənətində yeni imzalar

Rahib Qarayevin yaradıcılıq yolu

 

Plastika sənətimizin illər boyu keçdiyi inkişaf yolu gənc heykəltəraşların yaradıcılığı sayəsində bu günyeni sənət əsərləri ilə zənginləşməyə davam edir. Bu sahənin layiqli davamçılarından biri də heykəltəraş Rahib Qarayevdir.

 

Rahib Qarayev 8 aprel 1986-cı ildə Masallı rayonunun Qasımlı kəndində dünyaya göz açıb. Doğma kənddəki Hakim Həsənov adına orta məktəbdə, sonra isə rayonun Yeddioymaq kəndindəki T.M.Bayraməlibəyov adına orta məktəbdə oxuyub. Təsviri sənətə kiçik yaşlarından maraq göstərib. Kağız-qələmin əlindən düşmədiyini görən valideynləri 2000-ci ildə onu öz kəndlərində İlqar Balayevin emalatxanasına yazdırırlar. Burada sənətin ilk sirlərini öyrənən Rahib orta məktəbi bitirəndən sonra da, 2008-ci ilədək heykəltəraşlıq dərsləri alır, sənətdə ilk addımlarını atır.

 

2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olur. Akademiyada Sevil Süleymanova, Rəcəb Müslümov, Əməkdar rəssam Zeynalabdin İsgəndərov, Xalq rəssamları Kamal Ələkbərov, Natiq Əliyev, Ömər Eldarov, Fuad Salayev kimi görkəmli heykəltəraşlardan dərs alır. Tələbəlik illərində bir çox sərgilərdə uğurla iştirak edərək mükafatlar əldə edir. Bakalavr təhsilini başa vurarkən heykəltəraş Natiq Əliyevin rəhbərliyi ilə diplom işi olaraq Leonardo da Vinçi əsərini yaradır. Heykəlin kompozisiyasında Leonardo da Vinçi stulda əyləşmiş şəkildə, özünün məşhur Qızıl bölgü əsərinin eskizini edərkən yeni ideyalar axtarışında, düşüncəli obrazda təsvir olunub.

 

Rahib Qarayev 2012-ci ildə bakalavr təhsilini başa vuraraq magistraturaya daxil olur. Diplom işi olaraq ərsəyə gətirdiyi Bəhruz Kəngərlinin heykəli Naxçıvan şəhərindəki Rəssamlar parkında ucaldılır (2016) və onun ilk böyük sənət sevinci olur. 2014-cü ildə magistr təhsilini tamamlayan Rahib Qarayev ADRA-nın Heykəltəraşlıq kafedrasında müəllim kimi çalışmağa başlayır.

 

2008-ci ildən müxtəlif sərgi və müsabiqələrin iştirakçısı olan istedadlı heykəltəraş diplom və fəxri fərmanlarla təltif edilib. 2018-ci ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunub.

 

Rahib Qarayevin yaratdığı obrazlar güclü emosional təsir qüvvəsinə malikdir. Müxtəlif materiallardan istifadə edən heykəltəraşın yaradıcılığında daha çox dəzgah heykəltəraşlığının həcmli və relyef formalarında fərqli ölçütexnikalarda işlədiyi əsərlərə rast gəlirik. Yaradıcılıq nümunələri ilk baxışdan tamaşaçı diqqətini cəlb edir. Bu isə onun ideya axtarışları, daxili aləmi və sənətə olan vurğunluğundan irəli gəlir.

 

Bir sıra janrlara müraciət edən heykəltəraşın portret janrında olan əsərləri realizm üslubunda olmaqla yanaşı, dəqiq və ifadəlidir. Portretlərin hər birində təsvir olunan insan simalarının hiss və duyğularını məharətlə tamaşaçıya ötürə bilir. Tələbə qızın portreti, Tələbə oğlanın portreti, Azadın portreti və digər əsərləri buna misal ola bilər. Heykəltəraş tarixi janra da müraciət edib. Koroğlu, Həzi Aslanov kimi əsərləri bu qəbildəndir.

 

Daim yenilik axtarışında olan heykəltəraşın Azərbaycan-Türkiyə dostluğuna həsr edilmiş Əkizlər əsəri, Düşünən beyin, İmtina, Afrikalı qadın kimi yaradıcılıq nümunələri, Adəm və Həvva, Göydələnlər, Yuxu, Məhəllə, Keçmişə qayıdış, Üzgüçülər, Yay yağışı, Şahmat, Bakı, Günəbaxanlar, Odlar yurdu, Dəyirman, eləcə də Qarabağdakı tarixi qələbəmizi təcəssüm etdirən Qarabağ-Şuşa, Qarabağ, Zəfər kompozisiyaları təbiiliyi, dəqiqliyi və məna ifadəliliyi ilə diqqət çəkir.

 

Heykəltəraş xalqımızın igid övladlarının obrazlarını yaradaraq onların xatirəsini əbədiləşdirməyi özünə mənəvi borc bilir. O, Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun büstünü, Birinci Qarabağ müharibəsi qəhrəmanlarından Hakim Həsənovun və Rövşən Nəbiyevin büst və heykəlini (Masallı rayonunun Təzəkənd və Qasımlı kənd tam orta məktəblərində qoyulub), Natiq Aslanovun, Milli Qəhrəman Albert Aqarunovun abidəsini (Zamik Rzayevlə), 2016-cı il Aprel döyüşlərində şəhid olmuş heykəltəraş Samir Kaçayevin portretini və Şamaxı rayon Məlhəm kəndində ucaldılan qəbirüstü abidəsini hazırlayıb. Həmçinin Etibar Sadıqov, Əkbər Hüseynov, Rauf Əliyev, Cavid Həsənov, Kənan İsrafilov, Mirsüleyman Süleymanov kimi İkinci Qarabağ müharibəsi qəhrəmanlarının barelyef və xatirə lövhələrinin müəllifidir.

 

Rahib Qarayev Milli Qəhrəman Albert Aqarunovun abidəsini həmkarı Z.Rzayevlə birgə, Xalq rəssamı Ömər Eldarovun rəhbərliyi altında hazırlayıb. Abidənin postament hissəsi qayalıq formasında qurularaq Dağlıq Qarabağı, Şuşanı simvolizə edir. Kompozisiyanın quruluşunda əsas məqsəd Albert Aqarunovu Şuşanın dağlarında qalib hərbçi, tank komandiri kimi təqdim etmək idi. Heykəl 2019-cu ildə Milli Qəhrəmanın 50 illik yubileyi şərəfinə Bakının Nərimanov rayonunda ucaldılıb və insanlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Xalqımız Vətən uğrunda döyüşən, canını fəda edən övladlarının xatirəsini hər zaman uca tutur. İstedadlı heykəltəraş Rahib Qarayev igid Vətən oğullarının heykəl və büstlərini bundan sonra da böyük fəxr hissi ilə hazırlamağa davam edəcəyini bildirir.

 

Ziyarət CABAROVA

Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı

 

Mədəniyyət.- 2021.- 2 aprel.- S.7.