Tbilisidə soyqırımı qurbanları yad edilib

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində 31 Mart soyqırımı qurbanlarını unutmadıq adlı anım tədbiri keçirilib.

 

Tədbirdə Gürcüstandakı səfirliyimizin əməkdaşları, Gürcüstandakı müxtəlif icmaların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Muzeyin direktoru Leyla Əliyeva tədbiri açdıqdan sonra şəhidlərin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Səfirliyin əməkdaşı Anar Rəsulov çıxış edərək ermənilərin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və terror aktları barədə danışıb. O, Azərbaycandakı dini icmaların Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dünyanın aparıcı dövlətlərinə və parlamentlərinə, beynəlxalq təşkilatlara müraciəti barədə məlumat verib.

 

Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Ramin İgidov, İkinci Qarabağ müharibəsi qazisi Fərid Camal, Gürcüstandakı kazakların baş atamanı Vasili Kadinets, belarus icmasının sədri Aleksey Baxoldin və başqaları çıxış edərək ermənilərin Azərbaycanda və Gürcüstanda, eləcə də dünyanın bir çox ölkələrində törətdikləri terror aktları, vandalizm və digər vəhşilikləri barədə danışıblar.

 

Mədəniyyət.- 2021.- 2 aprel.- S.8.