Yarışda və savaşda bayraq ucaldan qəhrəman

 

O gecə atası Kamal, anası Raziyə yuxusunu qarışdırmışdı... Atası xatırlayır: Həmin gecə yuxum gəlmirdi, çox gec yatdım. Haradasa gecə saat 3 radələrində gördüm ki, Zaur məni çağırır. Heç kəsə heç nə demədən oyanıb həyətə çıxdım. Oğlumun sağ-salamat olması üçün dualar etdim.

 

Anası deyir: O gecə evdən çıxmağından 21 gün ötürdü. Yuxuda şirniyyat, tort görmüşdüm. Güman edirdim ki, sabah Zaur danışıb xoş bir xəbər verəcək.... Kimin ağlına gələrdi ki...

 

Vətən müharibəsinin şəhid qəhrəmanlarından olan Zaur Mədətov 1999-cu il noyabrın 16-da Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Abşeron ərazisində müvəqqəti yerləşən Qubadlı rayonunun Xanlıq kənd tam orta məktəbinə daxil olub. Daha sonra təhsilini paytaxtın Nizami rayonundakı 277 nömrəli tam orta məktəbdə davam etdirib. İdmanın cüdo növü ilə məşğul olub, müxtəlif yarışlarda uğurlara imza atıb.

 

2018-2019-cu illərdə Gəncə şəhərində N saylı hərbi hissədə xidmət edib. 2020-ci ilin iyulunda Tovuz döyüşlərindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü müraciət edib, hərbi vəzifəlilərin təlimlərinə qatılıb. Sentyabrın 27-dən Vətən torpaqlarının erməni quldurlarından təmizlənməsi uğrunda döyüşlərdə iştirak edib. Cəbrayıl və Füzulinin kəndlərinin işğalçılardan azad olunması əməliyyatlarında şücaət göstərib.

 

Zaur anası ilə sonuncu dəfə oktyabrın 2-də telefonla əlaqə saxlayıb: Burada hər şey yaxşıdır. Özünüzə yaxşı baxın, amma hər şeyə də hazır olun. Vaxt olan kimi danışacağam. Atası ilə son telefon danışığı isə oktyabrın 6-da olub. Yenə də ondan nigaran qalmamalarını bildirib.

 

Amma necə narahat olmayasan? Bir yerdə ki, azğın düşmənlə Vətən torpaqlarının azadlığı uğrunda ölüm-dirim savaşı gedir, o torpaqların hər qarışına igidlərin qanı axır, narahat olmamaq mümkündürmü?

 

Zaur həmişə yüksəkliyə can atırdı. Axı, o idmançı idi. 21 illik qısa ömründə dəfələrlə çıxış etdiyi cüdo yarışlarında rəqiblərinə qalib gələrək ölkəmizin üçrəngli bayrağını müxtəlif xarici ölkələrdə yüksəklərə qaldırmışdı.

 

Bu dəfə də belə oldu. Zaur üçrəngli bayrağımızı mənfur düşmənin uzun illərdir işğal altında saxladığı ərazilərdə səngərdən-səngərə, mövqedən-mövqeyə, yüksəklikdən-yüksəkliyə daşıdı. Oktyabrın 8-də Füzuli istiqamətində son döyüşü oldu.

 

Hamı onun yolunu gözləyirdi... Bu dəfə də Zaur qalib kimi qayıtdı, özüçox sevdiyi Azərbaycan bayrağına bükülü. Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırıldı.

 

Zaur Mədətov dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra Vətən uğrunda və Cəbrayılın azad olunmasına görə medallarına layiq görülüb.

 

Hər turnirdə, hər yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa can atan Zaur yenə ucalardadır. Hər kəsə qismət olmayan şəhidlik zirvəsinə ucalıb. Bu, zirvələrin ən ucasıdır. Həm də əbədi ucalıqdır. Ruhu şad olsun.

 

Mədəniyyət.- 2021.- 2 aprel.- S.6.