Dövlət tarix-mədəniyyət qoruqlarının əsasnamələri təsdiqlənib

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Çıraqqala-Şabran Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Qədim Şəmkir Şəhəri Dövlət Tarix-Mədəniyyət QoruğununOrta Əsr Ağsu Şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun əsasnamələri təsdiq edilib.

 

Hər üç qoruq Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

 

Qoruqlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 oktyabr tarixli sərəncamı ilə yaradılıb və ərazilərində yerləşən tarixi və mədəni irsə aid elementlərin, daşınar və daşınmaz abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsini, təbliğini, məqsədyönlü istifadəsini, qorunub saxlanılmasını və inkişafını təmin edən elmi tədqiqat müəssisəsi statusuna malik dövlət təşkilatlarıdır.

 

Əsasnamələrdə qoruqların fəaliyyət istiqamətləri də qeyd olunub. Qoruqlar ərazidə dövlət nəzarətini həyata keçirir; qoruğun sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir təmin edir; ərazidə yerləşən abidələri elmi, tarixi və mədəni cəhətdən öyrənir, onlardan məqsədyönlü istifadə olunmasını təşkil edirqorunub saxlanılmasını təmin edir; tarix-memarlıq abidələrinin bərpasını, toxunulmazlığını və onlardan istifadə olunmasını təmin edir; ərazidə və mühafizə zonasında yerləşən tarix və mədəniyyət abidələrində aparılan konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinə nəzarət edir; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

 

Mədəniyyət.- 2021.- 2 aprel.- S.4.