Bəstəkarlar İttifaqında soyqırımı qurbanlarının xatirəsi anılıb

 

Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycan Bəstəkarlar İttifaqında anım tədbiri keçirilib.

 

İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak dəstələrinin dinc əhaliyə qarşı həyata keçirdiyi qırğınlar, Azərbaycanın müxtəlif bölgələrində törədilən qanlı hadisələr haqqında danışıb.

 

Bəstəkarlar İttifaqının katibləri Əməkdar incəsənət xadimləri Zemfira Qafarova, Cəlal Abbasov, məsul katib, sənətşünaslıq üzrə elmlər doktoru Cəmilə Həsənova 103 il əvvəl baş vermiş soyqırımından söz açaraq bu hadisələrin heç zaman Azərbaycan xalqının yaddaşından silinməyəcəyini vurğulayıblar.

 

Bəstəkarlar İttifaqında hər il soyqırımı qurbanları yad edilərkən Azərbaycan bəstəkarlarının memorial janrda əsərləri səsləndirilir. Budəfəki tədbirdə Qarabağ torpağının yetirmələri olan iki bəstəkarın Rauf Əliyevin (simfonik orkestr üçün Şuşanın sıldırım dərələri xatırlanarkən) və Cəlal Abbasovun (simli orkestr üçün İn memoriam...) dərin faciəvi ruhlu əsərlərinin səsyazıları təqdim olunub.

 

Mədəniyyət.- 2021.- 2 aprel.- S.4.