Onlayn toplantıda Çölçü filmi təhlil edilib

İstanbulda fəaliyyət göstərən Qaradəniz Təhsil Mədəniyyət Ətraf Mühiti Qoruma Vəqfinin gənclik məclisinin film qrupu toplantısında hər həftə dünyanın müxtəlif ölkələrinin filmlərinin təhlil edilir. Aprelin 4-də növbəti onlayn toplantıda azərbaycanlı rejissor Şamil Əliyevin Çölçü filmi müzakirə olunub.

 

Qeyd edək ki, film vəqfə məclisin baş məsləhətçisi, telejurnalist həmyerlimiz Səidə Ömərin təşəbbüsü ilə təqdim edilib. Müzakirələrə Çölçünün rejissoru, filmdə rol almış Əməkdar artisti Bəhruz Vaqifoğlu da qatılıb.

 

Vəqfin sədri Yusif Cəvahir Azərbaycan kino tarixi inkişafı haqqında məlumat verib. O, Azərbaycanla Türkiyə arasında kino sahəsində ortaq layihələrin həyata keçirilməsi istiqamətində atılan addımların iki qardaş ölkə üçün vacibliyini vurğulayıb.

 

Çıxış edənlər Çölçü filmi ilə bağlı fikirlərini bölüşüblər. Diqqətə çatdırılıb ki, Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə Azərbaycanfilm Kinostudiyasında 2012-ci ildə istehsal olunan film müxtəlif səviyyəli beynəlxalq festivallarda 40-dan artıq mükafata layiq görülüb.

 

Mədəniyyət.- 2021.- 7 aprel.- S.8.