Azərbaycanım

 

Respublika uşaq rəsm festivalı çərçivəsində növbəti müsabiqə

 

Azərbaycanım IV Respublika uşaq rəsm festivalı çərçivəsində müsabiqə elan olunub. Nizami Gəncəvi İlində keçirilən ənənəvi layihənin məqsədi rəssamlıq istedadına malik uşaq, yeniyetmə və gənclərin yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, stimullaşdırmaq, doğma el-obaya, Vətənə məhəbbət hisslərini, rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı tərənnüm etməkdir.

 

Müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan TeleviziyaRadio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

 

İştirak etmək istəyənlər əsərlərini ad, soyad, təvəllüd, təhsil aldığı məktəb və əlaqə nömrəsini qeyd etməklə Bakı Xətai Sənət Mərkəzinin Facebook səhifəsindəki qrupda (https://www.facebook.com/groups/144172178999749/?ref=share) mayın 2-dək onlayn qaydada yerləşdirməlidir.

 

Seçim 3 yaş kateqoriyası (11 yaşa qədər, 11-16 və 16-21 yaş) üzrə keçiriləcək və hər 3 kateqoriya üzrə ayrıca sərgi təşkil ediləcək. Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək. Müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimiideya əsas götürüləcək.

 

Əlavə suallarla bağlı [email protected] e-mail ünvanına müraciət etmək, həmçinin (051) 310 74 01 WhatsApp nömrəsinə yazmaq olar.

 

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq. Hər yaş qrupu üzrə 10 nəfər olmaqla, ümumilikdə sərgilərdən seçilən 30 əsərin müəllifi festivala dəvət olunacaq və qaliblər mükafatlandırılacaq.

 

Mədəniyyət.- 2021.- 7 aprel.- S.7.