İnklüziv incəsənət məktəbi

4 saylı Bakı DOST Mərkəzində yaradılıb

 

Paytaxtın Binəqədi rayonunda, Ziya Bünyadov prospektində bu yaxınlarda açılışı keçirilən 4 saylı DOST Mərkəzində İnklüziv İncəsənət Məktəbi yaradılıb. Məktəb Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi layihəsi çərçivəsində təşkil edilib. Layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu birgə icra edir.

 

BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisindən verilən məlumata görə, burada 16 yaşından yuxarı əlilliyi olan tələbələr üçün ödənişsiz əsaslarla, əlilliyi olmayan tələbələr üçün isə rəmzi xarakter daşıyan ödəniş müqabilində rəsm, toxuculuqağac üzərində oymaçılıq üzrə bilik və bacarıqlar öyrədilir. Məktəb universal layihələndirmə, yəni hamı üçün müyəssərlik prinsipinə əsaslanaraq hazırlanmış mebel və avadanlıqlarla təmin edilib.

 

COVİD-19 pandemiyası səbəbindən təhsil onlayn formada keçirilir və dinləyicilər bunun üçün lazımi avadanlıq və vasitələrlə təmin ediliblər. İndiyə qədər məktəbə daxil olan 22 nəfər üçün 10 canlı və 71 onlayn dərs təşkil edilib.

 

Ötən il Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü ilə əlaqədar məktəb tələbələrinin əl işlərindən gəlir əldə edilməsi üçün onların hazırladıqları məhsullardan ibarət satış-sərgisi təşkil edilib. Əl işləri və rəsmlər Bacarıqların İnkişafı və Tədris üzrə Virtual Laboratoriya (www.vlaboratoriya.sosial.gov.az) platformasında da yerləşdirilib.

 

Məktəb artıq daha çox tələbə qəbul etməyə hazırdır və dərslərə yazılmaq istəyən əlilliyi olanolmayan şəxslər müvafiq ərizə formasını dolduraraq müraciət edə bilərlər.

 

Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi layihəsi Bakı şəhəri, Salyan və Masallı rayonlarında həyata keçirilir. 2019-cu ildə icrasına başlanılan layihə 2500 əlilliyi olan qadın və müharibə veteranının həyat keyfiyyətinin yaxşılaşdırılmasına öz köməyini göstərib.

 

 

Mədəniyyət.- 2021.- 7 aprel.- S.3.