Tarzən-pedaqoq Oqtay Quliyev dünyasını dəyişib

 

Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının professoru, tarzən-pedaqoq, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Oqtay Süleyman oğlu Quliyev aprelin 6-da, 83 yaşında dünyasını dəyişib.

 

Oqtay Quliyev 1938-ci ildə sentyabrın 22-də Ağdamda anadan olub. A.Zeynallı adına Musiqi Texnikumunda, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) təhsil alıb. 1969-cu ildə konservatoriyada xalq çalğı alətləri kafedrasında müəllim işləməyə başlayıb.

 

Ömrünün 50 ilini elmi-pedaqoji fəaliyyətə həsr edən Oqtay Quliyevin musiqi metodikası sahəsində böyük xidmətləri var. Tar tədrisi üzrə dəyərli metodik tövsiyə və proqramların müəllifi, not məcmuələrin tərtibçisidir.

 

1994-2004-cü illərdə Türkiyənin Trabzon şəhərində Qara Dəniz Texniki Universitetində professor vəzifəsində çalışıb. 2004-2010-cu illərdə Azərbaycan Milli Konservatoriyasında tədris işləri üzrə prorektor işləyib, 2010-cu ildən Xalq çalğı alətləri kafedrasının professoru olub.

 

Yaradıcı-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilən tarzənə ölkə başçısının 2 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Əməkdar incəsənət xadimi fəxri adı verilib.

 

Musiqi ictimaiyyəti Oqtay Quliyevi səriştəli müəllim, musiqişünas və səmimi insan kimi xatırlayacaq.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2021.- 9 aprel.- S.6.