Ağdaban soyqırımı qurbanlarının xatirəsi anılıb

Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə aprelin 8-də Ağdaban soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Bakı Dövlət Universitetinin dosenti Ələmdar Cabbarlı Kəlbəcər rayonunun Ağdaban kəndində erməni vandalları tərəfindən törədilən cinayət haqqında məlumat verib.

 

Bildirib ki, 1992-ci il aprelin 8-nə keçən gecə erməni quldur dəstələri Ağdərə rayonunun Çapar kəndi istiqamətindən Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək soyqırımı cinayəti törədiblər. 130 evdən ibarət kənd yandırılıb və qarət edilib. İşğal zamanı onlarla sakin amansızlıqla qətlə yetirilib, o cümlədən diri-diri yandırılıb. Azərbaycan ədəbiyyatının ustad sənətkarı ağdabanlı şair Qurbanın və onun oğlu Dədə Şəmşirin zəngin arxivi, nadir əlyazmaları məhv edilib. Aşıq Şəmşir nəslindən 15 nəfər həmin faciənin qurbanı olub.

 

Tədbir çərçivəsində Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Jalə Əliyevanın Müqəddəs ocağın yadigarları kitabının təqdimatı keçirilib. Arxiv materialları, sənədlər əsasında qələmə alınmış kitabda qədim Oğuz yurdu Kəlbəcərin tarixi, toponimləri, zəngin təbiəti haqqında geniş elmi araşdırmalara yer verilib. Miskin Abdaldan başlayaraq ağdabanlı şair Qurban, Dədə Şəmşir və bu ocağın digər nümayəndələrinin yaradıcılığından söz açılıb.

 

Jalə Əliyeva bildirib ki, uzun müddət üzərində çalışdığı monoqrafiyanın təqdimat mərasiminin Kəlbəcərin və digər torpaqlarımızın azad edilməsindən sonra keçirilməsi böyük qürur hissi yaradır. O, bu sahədə tədqiqatlarını davam etdirəcəyini vurğulayıb və həmin əsərlərdən birinin təqdimatının Kəlbəcərdə baş tutacağına inamını ifadə edib.

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Əlyazmalar İnstitutunun direktoru, kitabın ön söz müəllifi, akademik Teymur Kərimli, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin deputatları Musa Quliyev, Aqil Abbas, Ülviyyə Ağayeva, professor Qulu Məhərrəmli, aşıq Ədalət Dəlidağlı çıxış ediblər.

 

Vurğulanıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 2020-ci il Vətən müharibəsində qazandığı Qələbə eyni zamanda Ağdaban soyqırımını törədən canilərin də üzərində tarixi zəfərdir.

 

Sonda çıxış edən Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov tədbir iştirakçılarına təşəkkürünü bildirib.

 

 

Mədəniyyət.- 2021.- 9 aprel.- S.2.