Eşq elçisi, eşq günəşi

 

Zaman ötüb dəyərlər dəyişdikcə, insan hisslərinin, düşüncələrinin üfüqləri genişləndikcə bir həqiqət daha bariz aydınlığa çıxır: insan bəşəri eşqin məhsuludur. Bu mənada, heç şəksiz, Nizami Gəncəvi bir eşq elçisi, eşq günəşidir.

 

Qəzəllərindən Xəmsəsinə Nizaminin bütün yaradıcılığının mərkəzi mövzusu, ana xətti məhəbbətdir. Özübu məhəbbətin mahiyyətinə vardıqda onun ölməz bir həqiqəti hamımıza aydın görünür: Nizami sevir. Elə bir böyük məhəbbətlə ki, orada Yaradandan yaradılmışa bütün canlı və cansızlar qərar tuta bilir.

 

Özü eşqə qərq olduqca bizləri də o ənginliyə ucaldan böyük və əzəli aşiqin yaradıcılığında bu mövzuya bu dəfə irfani rakursdan baxacağıq.

 

Bələdçimiz isə şərqşünas, Sumqayıt Dövlət Universiteti Filologiya fakültəsinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Əli Rzazadədir.

 

Müzakirəmizin ilk mərhələsi kimi Nizami eşqionun qəhrəmanlarına münasibətinə nəzər salmağa çalışdıq. Şərqşünas deyir ki, Nizami Gəncəvi yaradıcılığı ona görə qalıcı və nəhəngdir ki, onun hissləri fövqəladə, adidən yuxarı məkanda dayanır: Soruşa bilərlər ki, sevgi insana xas olan hissdir və əksər insanlar sevə və sevgi duyğusunu ətrafa anlada bilərsə, onların təqdimatını Nizami Gəncəvi bəyanından fərqləndirən cəhət nədir? Bir hissi əgər hamı təqdim etməyə qabildirsə, nəyə görə Nizaminin təqdim etdiyi eşq qalıcı xüsusiyyətə malikdir? Nizaminin eşqə baxışı irfani baxışdır.

 

Ariflərin fikrincə, dünyanın əsas, həqiqi səbəb və qayəsi eşqdir. Tanrının fitri sevgisi dünyanın yaradılışının mayasıdır. Təsəvvüf və irfan alimlərinin Tanrının məşhur kəlamına (Mən gizli bir xəzinə idim, tanınmaq istədim və məxluqatı yaratdım) istinad edərək yaranışın kökündə eşq olduğunu bildirirlər. Nizaminin də eşqə baxışı bu yöndəndir. O, insanbütün yaradılışı eşqin övladı sanır və əgər bəsirət gözü ilə baxsan, dünyanın eşq üzərində dayandığını qeyd edir.

 

Eşqdir mehrabı uca göylərin,

Eşqsiz ey dünya, nədir dəyərin?

 

O, dünyanın varlığını Allahın fitri sevgisinineşqinin nəticəsi hesab edir. Nizami inanırdı ki, eşqsiz cahan ruhsuz bədən kimidirilk insan (Adəm) yaradılmamışdan öncə varlıq aləmində eşq yox idi. Tanrı insanı yaratdıqdan sonra eşqi də yaratmışdı.

 

Tədqiqatçı deyir ki, Leylinin eşqindən divanə olmuş Məcnunun davranışına baxdıqda onun dəliliyinin də dahi bir hal olduğunu görürük: Məsələn, Məcnun Leylinin məzarı üstə canını tapşırdığı zaman, ona son dəfə ey dost deyə səslənir. Şeyx Nizami aşiqlərin son görüşünü qələmə alarkən bu sözü təsadüfən ifadə etmir. Əsərin kulminasiyasında Məcnun Leyliyə sevgilim, eşqim kimi sözlərlə deyil, məhz ey dost deyərək müraciət edir. Çünki dost sevgidən ucadır, sevginin son həddidir:

 

Deyib bu sözləri, baş qoydu yerə,

Qəbri qucaqladı o birdən-birə.

Dostun qəbrini öpdükdən sonra

Dost! - deyib, canını tapşırdı ona.

 

Heç bir divanə bu qədər dərinliyə varıb, dostun eşqdən daha ucada dayandığını anlayacaq qədər ağıllı ola bilməz. Demək, Məcnun adi dəli yox, eşqin dəlisi idi. Eşqin dəlisi olmaq isə xüsusi bir dərəcədir.

 

Əli Rzazadənin fikrincə, Nizaminin poemalarında onu fərqli qılan amil dahi şairin eşqə, məhəbbətə fərqli yanaşmasıdır. Nizami hesab edir ki, sevgini ötəri hisslərdən ayırmaq lazımdır: Əgər qarşı tərəfi öz qüruruna qurban verməyə hazırsansa, demək bu sevgi deyil, özünü sevməkdir. Məsələn, Nizami Gəncəvi ən böyük eşqin Yaradana olan eşq olduğunu vurğulayaraq Ona varmaq üçün öz mənfi xarakterlərini unutmağı olduqca əhəmiyyətli hesab edir. Xudpəsəndlik, xudbinlik, eqoizm şeytanın xislətidir. İrfan dünyasında bu mərg ixtiyari ixtiyari ölüm kimi təqdim olunur. Bu ifadə insanın ölməzdən öncə ölməsi anlamını daşıyır ki, əsl aşiqlər bununla xudbinlikeqoizmi tərk etdikdən sonra bu səviyyəyə adlamış olurlar. Burada söhbət insanın fizioloji ölümündən getmir. Aşiq həyatda ikən həva və həvəsini, nəfsani istəklərini öldürür. Nizamiyə görə, insanın əsl varlığı onun fizioloji varlığı deyil, nəfsani varlığıdır.

 

Nizaminin insan fəlsəfəsini göz önünə gətirərkən maraqlı bir mənzərə də hasil olur. Aydın görünür ki, şair irfani məzmunlu şeirlərində daha çox insan problemini işıqlandırmağa çalışıb. İnsanın gözəllik və səadətini, onun könül sərbəstliyi və mənəvi azadlığını, əqli-mənəvi yetkinliyini hər şeydən üstün tutan şair həm də insanı həyatın maddi və mənəvi gözəlliklərindən layiqincə yararlanmağa səsləyir. Nizamiyə görə, insan hisslərin əlində oyuncaq olmamalıdır. O, ağıl və zəkanın çağırışına qulaq asmalı, yabançı hisslərə, mənfi emosiyalara qalib gəlməlidir.

 

Tədqiqatçı Nizaminin ön plana çıxardığı əsas mövzulardan danışarkən qadın və kişinin sosial bərabərlik məsələsinin də daim mərkəzdə olduğunu deyir. Onun fikrincə, Nizaminin yaratdığı qadın obrazları daha azad, müstəqil, öz azadlığı uğrunda mübarizyeri gəldikdə müqavimət göstərən qəhrəmanlardır: Nizami hətta bir ölkənin idarə edilməsinə qadını layiq bilir. Bu mənada İsgəndərnamədəki Nüşabə surəti xüsusilə diqqəti cəlb edir. Nizami Gəncəvi tarixdən hamıya yaxşı məlum olan Makedoniyalı İsgəndəri gətirib o zaman Azərbaycanın paytaxtı olmuş Bərdə şəhərinə çıxarır. Görüş zamanı Nüşabə öz qadın müdrikliyini nümayiş etdirir. Boşqabda yemək əvəzinə ləl-cəvahirat gətizdirib İsgəndərin qarşısına qoydurur. İsgəndər təəccüblə boşqaba baxıb bunu nə məqsədlə etdiyini soruşur. Nüşabə təmkinlə deyir ki, sən çörək üçün deyil, var-dövlət üçün gəlmisən. İsgəndər türk qadınının dəyanətini görüb Aslanın erkəyi, dişisi olmaz qənaətinə gəlir:

 

Qadındır müqəddəs, qadındır yüksək,

Həyata anadır, ömürə bəzək.

Qadını sevməyib onu incitmək,

Duyğusuz insanın qəbahətidir...

 

Müqəddəs yazılarda da qadınlarla kişilərə olan müraciətlər bərabərdir. Evlənmək üçün kişilərin seçim hüquqları olduğu kimi qadınlara da eyni dərəcədə hüquq verilib. Nizami yaradıcılığında bu amillərin təsirini açıq-aşkar görürük.

 

Deməli, qadına hörmət Nizami yaradıcılığının ruhuna hopub. Şairin baxışında qadın varlığın mayası, həyatın başlanğıcıdır. Ümumilikdə isə bütün bəşəriyyəti birliyə, sevgiyə, dostluğa, nifaqdan uzaq olmağa çağırdığına görə Nizami Gəncəvi irsi əbədiyaşardır.

 

Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2021.- 9 aprel.- S.1;5.