Biz Azərbaycandanıq!

 

Rəng qatının “aysberq”liyi

 

Çoxsaylı “izm”lərin meydan suladığı çağdaş təsviri sənət məkanında üslub bolluğunun alt qatında çox vaxt qeyri-professionallığın ört-basdır edilməsi gizləndiyindən, əslində, onların zamanında müəyyən manifest-proqram əsasında dünyanı fərqli bədii tutumda görmək istəyindən yaranmış mücərrəd sənət nümunələri yaradıcıları ilə heç bir əlaqəsi olmayıb. Sovet dönəminin son qərinəsində Azərbaycanda fəaliyyət göstərən bakılı Valeri Yaşigin (1947-1995) də əsərlərində məhz klassik düşündürücü – mücərrədliyi yaşadanlardan olmuşdur.

 

Sankt-Peterburqdakı Baron Ştliqlis adına Bədii-Sənaye Akademiyasının (keçmiş Leninqraddakı V.Muxina adına Ali Bədii-Sənaye Məktəbi) Keramika şöbəsində təhsilini (1971-1976) başa vurandan sonra (V.F.Markov və V.S.Vasilkovskidən dərs almışdı) müstəqil yaradıcılığa başlayan rəssam, o dövrün təhsil qanunlarına əməl edərək, bir neçə il Tomskdakı Boqaşevski bədii-təcrübi keramika zavodunda baş rəssam vəzifəsində (1976-1978) çalışmış, daha sonra doğma Bakıya qayıtmışdı.

 

Qeyd etmək lazımdır ki, onun zamanında SSRİ məkanında məhsullarının müasirliyinə görə başqalarından fərqlənən Boqaşevski zavodunda apardığı bədii-texniki eksperimentlərin uğurlu nəticələri olan keramika nümunələri daima müxtəlif miqyaslı sərgilərdə diqqətçəkən olmuşdur. Valeri Yaşiginin həmin qısa müddətdə ərsəyə gətirdiyi bir neçə “Şərab dəsti” (8 əşyalı), “Şərbət dəsti” (6 əşyalı), “Külqabılar” (5 əşyalı), “Nağıl qəhrəmanları” (6 əşyalı) dəstləri, eləcə də “Dekorativ kompozisiya”, “Səslər”, “Kosmos” və s. keramika nümunələri qədim dulusçuluq ənənələrinə tapınmaqla forma arxitektonikasının, onun səciyyəvi xüsusiyyətlərinin özünəməxsus plastik vasitələrlə üzə çıxarılması baxımından həmişə ən tələbkar mütəxəssislərin belə təqdirini qazanmışdır. V.Yaşiginin sovet dönəminin nüfuzlu dəyərləndirmə məkanı hesab olunan Ümumittifaq Xalq Nailiyyətləri Sərgisinin mükafatlarına layiq görülməsini də onun yaradıcı səylərinin layiqincə qiymətləndirilməsinin göstəricisi saymaq olar.

 

Bakıya dönüşündən sonra keramika sahəsində Tomskda başladığı axtarışların davam etdirilməsi üçün şəraitin olmadığını görən rəssam yaradıcı potensialını rəngkarlıq və qrafika sahəsində gerçəkləşdirməyə qərar verir. Əlavə edək ki, hələ Tomskda olarkən doğma Azərbaycanla əlaqəsini kəsməyən V.Yaşiginin adı artıq yerli sənətsevərlərə ofort, avtolitoqrafiyalinoqravür texnikalarında yaratdığı işlərlə tanış idi. Onun litoqrafiya texnikasında işlədiyi “Günorta”, “Leninqrad mənzərəsi”, “Zoyanın portreti”, “Qurban kəsilir” (1976), “Qaya”, “Zirədə hamam”, “Dirəyə bağlanmış adam” (1978) və “Santyaqo” (1979), eləcə də tuşla çəkilmiş “Kür balıqçısı”, “Abşeron qadınları” (1970-ci illər) lövhələrində qarşılaşdığımız qrafik mədəniyyət süjet və motivlərin emosionallığını qabarıq göstərməyə xidmət edir. Linoqravür texnikasında ərsəyə gətirdiyi “Qaya”, “Bağban”, “Fəhlənin istirahəti”, “Balıqçının arzusu”, “Xoruz satan”, “Deltoplanerçi”, “At” və “Qobustan” (1979) lövhələrində isə obyektlərin daşıdığı keyfiyyət və xüsusiyyətlərin daha ekspressiv tutumda ifadəsinə meyil duyulmaqdadır.

 

Çox vaxt rəssamlarla yaratdıqları əsərlər arasında anım yarada biləcək bədii məqamlar olur. V.Yaşiginə münasibətdə isə bunun əksini görmək mümkündür. Təbiətən sakitçox həlim olan rəssamın özü ilə coşqunluğu elə ilk baxışdan duyulan qrafik əsərlərindəki rəmz və məcazlarla ifadə olunmuş cizgi incəliyində tamaşaçı düşüncələrini pərvazlandıran fəlsəfi məna-məzmun arasında təzad vardı. Azərbaycan qrafika sənətində yeni olan bu cür bədii yanaşma müəllifə gerçəkliyi, dramatik və poetikliklə yanaşı, həm də duyğulandırıcı və anım yaradıcı görkəmdə ifadə etməyə imkan vermişdi. Bu əsərlərin bədii şərhi üçün önəmlisi motivin düzgün təqdimatından daha çox, onun mahiyyətində hifz olunan çoxqatlı durumu və əhval-ruhiyyəni tamaşaçıya çatdırmaqdır.

 

Qeyd edək ki, rəssam özünün sonrakı illər yaradıcılığında da müraciət etdiyi mövzuları fəlsəfi tutuma bələməklə təqdimatı prinsipinə üstünlük verməkdə davam etdi. Odur ki, onun ərsəyə gətirdiklərinin dərhal – elə ilk təmasla tamaşaçı tərəfindən qəbulunun çətin olması da təbii idi. Bunu həm onun çəkdiyi kitab qrafikası, həm də keramik nümunələrində izləmək mümkündür. Bu mənada Bakıdakı “Gənclik”, “İşıq” və “Yazıçı” nəşriyyatlarında işıq üzü görmüş müxtəlif məzmunlu kitabların (“Molla Nəsrəddinin lətifələri”, “Müasir ispan poeziyası” və s.) adını çəkə bilərik. Rəssamın həmkarları N.BabayevY.Salnikovla birlikdə həyata keçirdiyi əhəmiyyətli tərtibatlar zamanında sənət hadisəsi kimi qəbul olunmuşdu. Onların “Azərbaycan SSR-in Qırmızı Kitabı”na və Nizami Gəncəvinin yubiley nəşrinə verdikləri tərtibatlar, eləcə də Parisdə təşkil olunan “Azərbaycan xalçaları” sərgisinə və Moskvada keçirilən II Beynəlxalq Kitab Yarmarkasına həsr olunmuş plakatlar bədii həllində ənənə və müasirliyi üzvi şəkildə birləşdirməsi ilə tamaşaçı rəğbətini qazanmışdı.

 

Valeri Yaşiginin rəngkarlıq əsərlərini də bədii-texniki şərhinə görə təkcə XX əsr Azərbaycan incəsənətində yox, həm də SSRİ təsviri sənət məkanında yeni səhifə adlandırmaq olar. Mütəxəssislərin “fərdi müəllif texnikası” adlandırdıqları ifadə vasitəsi ilə bənzərsiz rəngkarlıq relyefləri yaratmağa nail olan rəssam, qabarıq görünən rənglərin fikir daşıyıcılığının təsir dairəsini bir qədər də genişləndirməklə, həmin rənglərin həm də “aysberq” mahiyyətli olmasını şərtləndirmişdi. Tərkibinə kvars qumu və fakturalı relyeflər əlavə olunmuş rənglərin səth üzərində əmələ gətirdiyi qabarıq qatda gerçəkliyə irreal bədii münasibətin semiotik ifadəsi həm də janrın “estetik xəritəsi”ni genişləndirmək istəyindən qaynaqlandığından, görüntüyə gətirilənlər cəlbedici və düşündürücü olması birmənalı idi.

 

Başqa sözlə desək, V.Yaşigini bu axtarışlarında görünənlərin dəqiq təqdimatından daha çox onların “sirr qatı”na bələnmiş anım yaratmaq gücünü ifadə etmək maraqlandırırdı. Elə buna nail olmağının nəticəsidir ki, onun həm Bakıda, həm də 80-ci illərin sonlarından yaşadığı Sankt-Peterburqda ərsəyə gətirdiyi rəngkarlıq tabloları (“Kompozisiya”, ”Abşeron”, ”Düşüncələr”, ”Qara obyekt”) SSRİ ilə yanaşı, Avropa sənət məkanında da fərdi və fərqli ifadə tərzi kimi qəbul olunmuşdu. Rəssamın qrafika və rəngkarlıqda nümayiş etdirdiyi bədii ifadə tərzini virtuozluğun və universallığın əyani ifadəsi kimi dəyərləndirən sənət xiridarları “aysberq”ə çevrilən və incəliyi duyulan bu bədii məcazlarda dünyaya “Valeri Yaşigin baxışı”nın estetikasının qaynaqlarını görürdülər. Doğrudan da, onun dəst-xəttinin Azərbaycan rəssamlıq məktəbi ənənələri əsasında formalaşan estetikasının mücərrəd Avropa bədii dəyərləri ilə çulğalaşması məhz belə yeni və özünəməxsus ifadə tərzinin əyaniləşməsini şərtləndirmişdi.

 

Onun yaradıcılığının Rusiyanın keçmiş “Şimal paytaxtı”nda davam edən qısa mərhələsi də yaradıcılıq axtarışları ilə zəngin olmuşdur. 1980-ci ildə Bakıda və Daşkənddə keçirilən iki əhəmiyyətli sərgidə özünün keramik kompozisiyaları ilə uğur qazanan V.Yaşigin Sankt-Peterburqdakı münbit şəraitdən istifadə edərək dekorativ-tətbiqi sənət sahəsində bir-birindən maraqlı əsərlər yaratmışdır. Plastik üslubların qarşılıqlı əlaqəsinə xüsusi diqqət yetirən rəssam ərsəyə gətirdiyi mücərrəd-fəlsəfi tutumlu keramika nümunələrində özünün təsviri və dekorativ-tətbiqi sənət sahəsində qazandığı bilik və vərdişləri çox müasir tutumda, xüsusi incəliklə gerçəkləşdirə bilmişdir. Bu onun çox qısa zamanda Sankt-Peterburqda mövcud olan sənət avanqardının liderlərindən biri olmasını şərtləndirmişdir. Burada yenidən qrafika sahəsinə qayıtması da fərqli estetikaya malik əsərlərin yaranmasına səbəb olmuşdur. Hazırda Sankt-Peterburqdakı nüfuzlu XX-XXI əsrlər İncəsənəti Muzeyində nümayiş etdirilən “Bənövşəyi dairə”, “Qırmızı dairə”, “Yaşıl dairə” və “Mavi dairə” (“Məkan dairələri” silsiləsi) əsərlərini onun tamaşaçı ilə apardığı mükalimənin fəlsəfi məzmuna bələnmiş görüntüsü hesab etmək olar. Qarışıq texnikada icra olunmuş bu qrafik lövhələrdə cizgi və rəng vəhdəti ilə ifadə olunmuş məna-məzmun yükü cəlbedici və düşündürücüdür.

 

Rəssamın şəhərdəki digər məşhur Rus Muzeyində saxlanılan qrafik əsərlərində ifadə olunan müəllif düşüncələrində də tamaşaçı duyğularını ovsunlayacaq bədii məziyyətlər kifayət qədərdir. Elə onun bədii irsindəki qeyri-adiliyin və orijinallığın nəticəsidir ki, rəngkarlıq, qrafikakeramika sahəsində yaratdıqları yüksək dəyərə malik sənət nümunələri kimi “Art Modern” və “Stanbet” qalereyalarında (Moskva), Rusiya, Azərbaycan, Avstriya, Böyük Britaniya, Macarıstan, Almaniya, ABŞ, Finlandiya, Fransabaşqa ölkələrdəki nüfuzlu şəxsi kolleksiyalarda qorunmaqdadır. SSRİ-nin süqutundan sonra dünyanın bir çox guşələrində (Fransa, Almaniya, Finlandiya, Rusiya) təşkil olunançox maraqla qarşılanan “Sovet incəsənəti” sərgilərində Valeri Yaşiginin imzası daima diqqət mərkəzində olmuşdur.

 

Nəhayətsiz yaradıcı potensiala malik olan rəssamın 48 yaşında dünyasını dəyişməsi onun neçə-neçə arzusunun gerçəkləşməsinə imkan vermədi. Amma XX yüzilliyin son qərinəsində Rusiya təsviri və dekorativ-tətbiqi sənət məkanında daha çox “Bakılı rəssam” kimi tanınan və Azərbaycanımızı tanıdan Valeri Yaşigin yaratdıqları bənzərsiz bədii irslə əbədiyyətə qovuşdu. Bunun başlıca səbəbi, əlbəttə ki, bu əsərlərin onun adını yaşadacaq dəyərlərə malik olması, bədii ənənə və müasirliyin vəhdəti ilə əldə etdiyi və zamansızlığa qovuşduğu birmənalı olan özünəməxsus sənət estetikasının bəşəri mahiyyət daşımasıdır...

 

Ziyadxan ƏLİYEV

Əməkdar incəsənət xadimi, professor

 

Mədəniyyət.- 2021.- 9 aprel.- S.7.