Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev vəfat edib

 

İrs ansamblının yaradıcılarından idi

 

Əməkdar mədəniyyət işçisi, İrs folklor ansamblının yaradıcılarından biriuzun illər bədii rəhbəri olmuş Sidqi Mustafayev aprelin 12-də, 80 yaşında vəfat edib.

 

Sidqi Mustafayev 24 fevral 1941-ci ildə Bakının Balaxanı kəndində anadan olub. 1958-ci ildə 69 nömrəli orta ümumtəhsil məktəbini bitirib. Uşaq yaşlarından musiqiyə maraq göstərib, Sabunçu qəsəbəsində yerləşən musiqi məktəbində tar ifaçılığı üzrə təhsil alıb. 1959-1962-ci illərdə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində (indiki Musiqi Kolleci), 1962-1968-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında oxuyub.

 

1966-cı ildə Təravət ansamblını yaradan musiqiçi bir neçə il bu heyətlə müvəffəqiyyətlə çıxış edib. 1971-1974-cü illərdə Balaxanı Mədəniyyət evinə rəhbərlik edən S.Mustafayev burada Arzular ansamblını, Ayna miniatür teatrını yaradıb.

 

1976-cı ildə mərhum bəstəkarımız Rəşid Nəsiboğlu ilə birlikdə İrs folklor ansamblını yaradıb. Qısa müddətdə dinləyicilərin diqqətini cəlb edən kollektiv ölkədə və xaricdə qastrollarda çıxış edir, festivallara qatılır. 1981-ci ildə respublika baxışında ansamblın fəaliyyəti yüksək qiymətləndirilib və ansambla dövlət statusu verilib. Ansambl 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəzdində fəaliyyət göstərir.

 

Sidqi Mustafayev uzunmüddətli yaradıcı fəaliyyətinə görə 14 sentyabr 2015-ci ildə Əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdü.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2021.- 14 aprel.- S.5.