Mübariz İbrahimovun adı Dənizlidəki məktəbdə əbədiləşdirilib

 

 

Türkiyənin Dənizli vilayətinin Çameli rayonunda yerləşən orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan texniki kodlama və robotlaşdırma üzrə emalatxana yaradılıb. Aprelin 12-də emalatxananın rəsmi açılış mərasimi keçirilib.

 

Milli Qəhrəmanımızın adının təhsil müəssisəsində əbədiləşdirilməsi Çameli kaymakamı (yerli icra nümayəndəsi) Kerem Yenigünün təşəbbüsü ilə gerçəkləşib.

 

Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova, Çameli kaymakamı Kerem Yenigün, bələdiyyə başqanı Cengiz Arslan, rayonun Təhsil şöbəsinin rəhbəri, məktəbin və səfirliyin əməkdaşları iştirak ediblər.

 

Tədbirdə çıxış edən Kerem Yenigün tələbə olarkən Mübariz İbrahimovun qəhrəmanlığı və şəhidliyi haqqında eşitdiyini deyib. Qeyd edib ki, həmin vaxtdan Mübariz İbrahimov onunla yanaşı, bütün tələbə yoldaşları üçün bir əlçatmaz ideala, ancaq nağıllarda görülə biləcək qəhrəmana çevrilib. Uzun illər Milli Qəhrəmanımızın adının məhz doğma şəhərlərində yaşatmaq üçün nə isə edə bilmək arzusu ilə yaşadığını deyən Kerem Yenigün bu arzusuna çatdığı və gələcək nəsillərə bu cür qəhrəmanı tanıtmaq imkanı əldə etdiyi üçün çox xoşbəxt olduğunu bildirib.

 

Səfir Xəzər İbrahim məktəbdə Mübariz İbrahimovun adını yaşadacaq emalatxananın yaradılmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirib. Qeyd edib ki, bu cür təşəbbüslər tarixi Azərbaycan-Türkiyə qardaşlığının gələcək nəsillərə çatdırılması baxımından çox vacibdir.

 

Tədbirdə Milli Qəhrəmanımızın doğulduğu Biləsuvar rayonu ilə Dənizli vilayətinin, eləcə də Mübariz İbrahimovun təhsil aldığı orta məktəblə Çamelidə yerləşən bu təhsil müəssisəsinin qardaşlaşması təklifi irəli sürülüb.

 

Tədbirin təşkilində əməyi keçənlərə səfirlik tərəfindən Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən xüsusi rəmzi tablolar, bu məktəbdə təhsil alan aztəminatlı ailələrin uşaqlarına isə planşetlər (tablet) hədiyyə edilib.

 

Məktəbdə Milli Qəhrəmanın adına yaradılan otaqda Mübariz İbrahimovun əfsanəvi igidliyindən, Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən fotoşəkillər yerləşdirilib.

 

Mehparə SULTANOVA

Ankara

 

Mədəniyyət.- 2021.- 14 aprel.- S.3.