Dağlar diyarının igid oğlu

 

 

Vətən müharibəsində torpaq uğrunda canını fəda edib Zəfər salnaməmizə adını yazan Əliqismət Mükafat oğlu Yaqublu Lerik rayonunun Kələxan kəndində anadan olmuşdu.

 

Əsl azərbaycanlı adət-ənənələrinə söykənən ailə mühitində böyüdüyü üçün Vətənə, doğma torpağa məhəbbət ana südü ilə axıb onun qəlbinə hopmuşdu. Vətən ondan ötrü hər şeydən əziz, yüksək idi. Elə bu ali sevgiyə tapınmaqla yağı düşmənin ölkəmizə təcavüzü, əzəli yurd yerimiz Qarabağın işğalı köksündə gəzdirdiyi ürəyə dağ boyda yük idi. Həyat onu döyüş meydanına səsləyirdi.

 

Heydər Əliyev adına Bakı Ali Məktəbini, eləcə də Təlim-Tədris Mərkəzini bitirib mükəmməl bilik və bacarığa malik bir Vətən sevdalısı kimi yetişən Əliqismət 2015-ci ildə leytenant rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinə təyinat alır. Vətən, torpaq naminə seçdiyi şərəfli peşənin ən sadiq, etibarlı yolçusu olmaqdan ötrü bütün eşqini ona verir. Cəbhə xəttində düşmənlə qarşı-qarşıya dayanmaq, məqamı gələndə döyüşə atılıb ona qan qusdurmaq istəyir. 2016-cı ilin Aprel döyüşlərində düşməndən qisas almaq zamanı gəlir. Əliqismət bu döyüşlərdə rəşadətlə vuruşur.

 

Xidmət etdiyi hərbi hissələrdə döyüşkən, mərd, cəsur, əsgərinə sədaqətli komandir olaraq sevilir. Baş leytenant rütbəsinə layiq görülür. Bir müddət Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində xidmət rəisi vəzifəsini icra edir.

 

2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayanda o da ön cəbhədə idi. Murovdağda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında dığalara qan qusdurur. Şuşa şəhərinin düşmən tapdağından təmizlənməsi əməliyyatında böyük şücaət göstərir. Vətənin yağı düşməndən azad olmasına, müqəddəs arzusuna çatmasına günlər qalmışdı. 5 noyabr 2020-ci ildə düşmən gülləsi ürəyinə dəyir. 28 yaşında milyonların ürəyinə köçür.

 

İndi Əliqismətin halal ailə ocağında Əliəsgər və Məmməd adında iki igid böyüyür. Artıq onlar atalarının kim olduğunu başa düşürlər. Ələsgər qəhrəman atadan yadigar qalan “Azərbaycan Bayrağı” ordenini, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medallarını balaca döşünə taxanda özünü ən qürurlu əsgər sayır. Və babası Mükafat kişini qucaqlayıb deyir: “Baba, mən də böyüyəndə atam kimi Vətənə layiqli oğul olacağam”.

 

Zəfər ORUCOĞLU

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Mədəniyyət.- 2021.- 14 aprel.- S.6.