Prodüser Mərkəzində tanınmış dirijorun ustad dərsləri

 

Heydər Əliyev Sarayının nəzdində ölkəmizdə ilk dəfə yaradılan Prodüser Mərkəzinin proqramı çərçivəsində Akademik OperaBalet Teatrının baş dirijorumusiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyevin opera-simfonik dirijorluğu üzrə ustad dərsləri keçiriləcək. Layihənin məqsədi 16-22 yaş arasında gənc musiqiçilərə dirijorluq sənətinin tədrisi və onlarda bu sənətə marağı artırmaqdır.

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərəcək Prodüser Mərkəzini yaratmaqda məqsəd yaradıcı gənclərin repertuarlarının hazırlanması, səs yazılışları, vokal dərsləri, səhnə hərəkətləri, imic və stilistikasının formalaşması, klip çəkilişləri, yerli və beynəlxalq tədbirlərdə, festivallarda və səs yarışlarında iştirakını təmin etməkdir. Seçim-müsabiqədə iştirak etmək istəyənlər (050) 493 55 11 (Whatsapp, Telegram) nömrəsinə özü haqqında ətraflı məlumat və 1 dəqiqədən artıq olmamaq şərtilə videomaterialı 20 aprel 2021-ci il tarixinədək təqdim etməlidir.

 

Dirijor Əyyub Quliyev 2009-cu ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur, 2015-ci ildən akademiyanın dosentidir. Dirijorun tələbələri Vyana Konservatoriyası və Moskva Dövlət Konservatoriyası kimi nüfuzlu ali musiqi məktəblərində uğurla təhsilini davam etdirirlər.

 

LALƏ

 

Mədəniyyət.- 2021.- 14 aprel.- S.5.